Amazon Fallout kainatından ilhamlanan Fallout Shelter adlı realiti-şounu rəsmi olaraq anons edib. Layihə sığınacaq sakinlərinin idarə olunmasına həsr olunan eyniadlı oyunun motivləri əsasında hazırlanır. Prodüserliyi daha əvvəl Squid Game: The Challenge realiti-şousu ilə tanınan Studio Lambert üzərinə götürüb. İstehsal prosesində həmçinin Amazon MGM Studios və Bethesda Game Studios da iştirak edir.
Şou iştirakçıları bunker şəraitində yaşayacaq, müxtəlif sınaqlardan keçəcək və pul mükafatı uğrunda mübarizə aparacaqlar. Tapşırıqlar Fallout dünyasında əsas rol oynayan S.P.E.C.I.A.L. sistemi üzərində qurulub — güc, qavrayış, dözümlülük, xarizma, intellekt, çeviklik və şans kimi yeddi əsas xüsusiyyət sınaqdan keçiriləcək.
Layihənin rəsmi saytında artıq iştirak üçün müraciət qəbul edilir. Namizədlər 20 yaşdan yuxarı olmalı və 15 fevral tarixinədək özləri haqqında məlumat göndərməlidirlər. Anketdə iştirakçılardan, o cümlədən, şəxsi keyfiyyətlərini 10 ballıq şkala üzrə qiymətləndirmək tələb olunur.
Fallout Shelter realiti-şousunun çəkilişlərinə iyun ayında başlanacaq və proses təxminən üç həftə davam edəcək. Sezon 10 seriyadan ibarət olacaq və şou Prime Video platformasında yayımlanacaq.
Qeyd edək ki, hazırda Prime Video-da Fallout serialının ikinci mövsümü yayımlanmaqda davam edir və sezon 4 fevralda yekunlaşacaq.




