ChatGPT-nin inteqrasiya olunmuş xidmətlər kitabxanası genişlənməkdə davam edir və indi istifadəçilər Adobe Photoshop, Adobe Express və Acrobat-dan birbaşa çat içində, tamamilə pulsuz yararlana bilərlər. Artıq söhbət formatında şəkilləri redaktə etmək, posterlər hazırlamaq və PDF sənədləri ilə işləmək mümkündür — Adobe abunəliyinə ehtiyac olmadan.
Adobe bu addımı həm mürəkkəb interfeyslərlə işləmək istəməyənlərə öz imkanlarını göstərmək, həm də peşəkarların gündəlik işini sürətləndirmək üçün atdığını bildirir. Şirkətin texniki direktoru Elli Qrinfilde görə, ChatGPT-də inteqrasiya istifadəçilərə “işin artıq böyük hissəsinin görüldüyü məkanda — çatda” rahat şəkildə yaradıcı alətlərdən istifadə etmək imkanı verir. İstək olarsa, layihəni dərhal tam versiyalı proqramda açmaq da mümkündür.
Photoshop – şəkil redaktəsi bir cümləlik tapşırıqla
ChatGPT-yə şəkli yükləyirsiniz və sadə dildə nə dəyişmək istədiyinizi yazırsınız — Photoshop tapşırığı avtomatik yerinə yetirir.
Mümkün funksiyalar:
-
parlaqlıq və kontrast tənzimlənməsi
-
obyektlərin maskalanması
-
rəssamlıq üslubları və vizual effektlər (glitch, mozaika, parıltı, motion blur və s.)
Nəticə istədiyiniz kimi deyilsə, əl ilə tənzimləmə funksiyası da mövcuddur. İstəsəniz, işinizi “Open in Photoshop” düyməsi ilə veb-versiyada açmaq olar.
Express – sürətli dizayn və animasiya
Adobe Express daha çox dizayn və animasiyaya fokuslanır. “Təbrik açıqçası yarat”, “poster hazırla” kimi sadə komandalar əsasında sistem onlarla şablonlu variant təklif edir. Sonra rəngləri dəyişmək, obyekt ölçülərini tənzimləmək, animasiya əlavə etmək mümkündür. Bir toxunuşla tam Express redaktoruna da keçmək olur.
Acrobat – PDF sənədləri üzərində tam nəzarət
Ən praktik yenilik Acrobat-da olub. ChatGPT daxilində:
-
mətn formatlaşdırmaq
-
PDF-ləri birləşdirmək və ya bölmək
-
səhifələrin sırasını dəyişmək
-
məzmun çıxarmaq
- faylları sıxmaq
və daha çox əməliyyat yerinə yetirilə bilir. Bütün funksiyalar klassik Acrobat-dakı kimi işləyir, sadəcə artıq ayrıca proqram açmağa ehtiyac yoxdur.
Funksiyalar artıq milyonlarla istifadəçi üçün açıqdır
Bu yeniliklər hal-hazırda 800 milyondan çox ChatGPT istifadəçisi üçün veb-versiyada, masaüstü tətbiqdə və iOS-da aktivdir. Express Android-də də işləyir, Photoshop və Acrobat isə Android üçün bir az sonra əlavə ediləcək. Adobe bildirir ki, növbəti həftələr ərzində ChatGPT üçün yeni funksiyalar mərhələli şəkildə təqdim olunacaq.





