Netflix ilə Warner Bros. arasında gözlənilən böyük anlaşma qəfil yeni mərhələyə qədəm qoyub. Oyuna bu dəfə Paramount qoşulub — həm də adi təkliflə yox, birbaşa «düşməncəsinə satınalma cəhdi» ilə.
Paramount bu dəfə Warner Bros.-un rəhbərliyinə deyil, birbaşa şirkətin səhmdarlarına müraciət edib. Təklif kifayət qədər iddialıdır: hər səhm üçün 30 ABŞ dolları, ümumilikdə isə təxminən 108,4 milyard dollar. Müqayisə üçün qeyd edək ki, Netflix-in təklifi 82,7 milyard dollar səviyyəsindədir. Beləliklə, son söz artıq Warner Bros.-un rəhbərliyinə yox, səhmdarlara məxsusdur.
Maraqlıdır ki, Paramount daha əvvəl də Warner ilə danışıqlar aparıb. Şirkət iddia edir ki, əvvəlki mərhələdə Warner rəhbərliyi onlara qarşı «qərəzli mövqe» sərgiləyib. İndi isə Paramount oyunun qaydalarını dəyişərək məsələni birbaşa investorların qərarına buraxmaq istəyir.
Əgər bu razılaşma baş tutsa, “Harri Potter” də daxil olmaqla DC, HBO və digər nəhəng brendlərin taleyi Netflix-in deyil, Paramount-un əlinə keçə bilər. Bu isə striminq bazarında güc balansını kökündən dəyişdirəcək növbəti böyük media müharibəsinin başlanğıcı deməkdir.





