Opera şirkəti süni intellekt funksiyaları ilə təchiz edilmiş eksperimental Opera Neon brauzerinə geniş ictimaiyyət üçün giriş açdı. İstəyən hər kəs artıq onu sınaqdan keçirə bilər — lakin bu, pulsuz deyil.
Opera Neon ən son İA modellərini bir iş mühitində birləşdirir. Bunun sayəsində istifadəçilər bir neçə ayrıca abunə əvəzinə vahid premium paket alırlar. Abunənin qiyməti — ayda 19,99 dollardır.
Opera-nın brauzerlər üzrə icraçı vitse-prezidenti Kristian Kolondra yeniliyi belə izah edib:
“Opera Neon — süni intellektin ən yeni texnologiyalarını ilk sınamaq istəyənlər üçündür. Bu, sürətlə inkişaf edən layihədir və hər həftə böyük yeniləmələr alır. Biz uzun müddət onu təsisçilər icmamızla birgə inkişaf etdirdik və indi erkən giriş mərhələsini daha geniş istifadəçi auditoriyasına təqdim etməkdən məmnunuq.”
Opera Neon istifadəçilərinə Gemini 3 Pro, GPT-5.1, Veo 3.1, Nano Banana Pro kimi flaqman İA modellərinə çıxış, eləcə də Neon Chat, Do, Make və ODRA adlı İA agentlərindən istifadə imkanı verilir. Bundan əlavə, Opera-nın inkişaf komandası ilə birbaşa ünsiyyət qurmaq mümkün olan eksklüziv Discord icmasına giriş təqdim olunur.





