Vaxtilə tələsik yaradılmış və sonradan “uğursuz” görünən Gmail elektron poçt ünvanı illərlə istifadəçilərin probleminə çevrilib. Belə ünvanı dəyişmək üçün adətən yeni hesab açmaq və bütün xidmətləri yenidən ona bağlamaq lazım olurdu. Lakin Google bu vəziyyəti dəyişməyə hazırlaşır.
Şirkət rəsmi açıqlama vermədən, Gmail ünvanının dəyişdirilməsi ilə bağlı təlimatı Google-un dəstək saytında yerləşdirib. Maraqlısı odur ki, bu məlumat hələlik yalnız hindi dilində olan versiyada mövcuddur. Bu isə funksiyanın hazırda məhdud sayda hesab üzərində sınaqdan keçirildiyini göstərir.
Google bildirir ki, köhnə e-poçt ünvanı hesabınıza giriş üçün işlək qalacaq. Üstəlik, həmin ünvana göndərilən bütün məktublar avtomatik olaraq yeni Gmail ünvanına yönləndiriləcək. Beləliklə, istifadəçilər nə məktublarını, nə də bağlı xidmətlərini itirməyəcəklər.
Təlimatda bəzi məhdudiyyətlər də qeyd olunub. Yeni e-poçt ünvanını ildə yalnız bir dəfə, ümumilikdə isə maksimum üç dəfə dəyişmək mümkün olacaq. Funksiyanın bütün istifadəçilər üçün nə vaxt aktiv ediləcəyi isə hələlik açıqlanmır.
Görünən odur ki, Google milyonlarla istifadəçinin illərdir arzuladığı “ad dəyişmə” problemini nəhayət ki, aradan qaldırmağa hazırlaşır.





