Counterpoint Research analitik şirkəti 2025-ci ilin üçüncü rübü üzrə dünyanın ən çox satılan smartfonlarının siyahısını dərc edib. Reytinqin zirvəsində ard-arda üçüncü rüb olaraq iPhone 16 qərarlaşıb. Maraqlıdır ki, ilk onluqda cəmi iki brend — Apple və Samsung yer alıb.
Araşdırmaya görə, iPhone 16 ümumi satışların 4 faizini təşkil edib. Satışlara əsas töhfəni Hindistanda keçirilən mövsümi kampaniyalar və Yaponiyada tələbatın bərpası verib. iPhone 17-nin təqdimatı isə əvvəlki seriyanın baza modelinə ciddi təsir göstərməyib. Siyahının ikinci, üçüncü və dördüncü pillələrində müvafiq olaraq iPhone 16 Pro, iPhone 16 Pro Max və iPhone 16e yer alıb.
Reytinqin növbəti beş mövqeyi Samsung-a məxsusdur: Galaxy A16 5G, Galaxy A06, Galaxy A36, Galaxy A56 və Galaxy A16 4G. Analitiklərin fikrincə, bu uğur Galaxy A seriyasına əvvəllər yalnız flaqmanlarda mövcud olan süni intellekt funksiyalarının əlavə olunması ilə bağlıdır.
Onluğun sonunda isə yeni iPhone 17 Pro Max qərarlaşıb. Model satışa məhdud sayda çıxmasına baxmayaraq, sentyabr ayının ən çox satılan smartfonu olmağı bacarıb.





