Android Authority hələ təqdim olunmamış Samsung Galaxy Buds4 Pro qulaqlıqlarının ilk renderlərini yayımlayıb. Şəkillərə əsasən, yeni model Buds3 Pro ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yenilənmiş dizayna sahib olacaq.
Renderlərdə qulaqlıqlar qara və ağ rəngdə göstərilib. Ümumi görünüş daha əvvəl sızan illüstrasiyalarla üst-üstə düşür. Ən diqqətçəkən detal isə qulaqlığın “ayaqcıq” hissəsinin yuxarı tərəfində yerləşən xüsusi barmaqlıqdır.
Bu barmaqlığın funksiyası hələ dəqiq məlum deyil. Mütəxəssislər ehtimal edir ki, bu hissə ya aktiv səsboğma üçün əlavə mikrofon, ya da səs keyfiyyətini artıran akustik kanal ola bilər. Hər halı ilə Samsung qulaqlıqları üçün belə dizayn yenilik hesab olunur.
Galaxy Buds4 Pro-nun texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Böyük ehtimalla bütün detalları şirkət rəsmi təqdimatda paylaşacaq. Digər şayiələrə görə, təqdimat gələn il fevral ayında Galaxy S26 seriyası ilə eyni gün baş tutacaq.





