İlon Maskın sahibi olduğu xAI şirkəti öz neyron şəbəkə əsaslı çat-botunun yeni versiyası — Grok 4.1–i təqdim edib. Tərtibatçılar virtual köməkçinin nədə yaxşılaşdığını açıqlayıb və əvvəlki versiya ilə müqayisədə benchmark nəticələrini paylaşdı.
xAI Grok 4.1 artıq sayt və iOS/Android tətbiqləri vasitəsilə hətta avtorizasiya olmadan da əlçatandır. Bot sorğuya görə avtomatik olaraq adi və ya məntiqi (düşünən) rejimlərində işləyə bilir. İstifadəçi istəsə, “Think Harder” düyməsini basmaqla botu məntiqi (düşünmə) rejimində işlədə bilər.
Tərtibatçıların sözlərinə görə, Grok 4.1 yaradıcılıq, emosional ünsiyyət və əməkdaşlıq sahələrində xüsusilə təsirlidir.
Yeni versiya istifadəçinin niyyətinin incə nüanslarını daha yaxşı tutur, onunla söhbət maraqlı olur və bu versiya “özündə bütöv bir xarakter saxlayaraq əvvəlki nəsillərin iti zəka və etibarlılığını qoruyur”.
Benchmark testlərində yeni model əvvəlki versiyanı 64,78% qabaqlayır. Şəkillərdə bəzi testlərdə Grok 4.1-in Google Gemini 2.5, OpenAI o3 və digər rəqibləri də qabaqladığı görünür.
Grok 4.1 artıq bütün istifadəçilər üçün ödənişsiz təqdim edilir.







