Analitik şirkət Omdia 2025-ci ilin üçüncü rübü üzrə planşet və Chromebook istehsalçılarının tədarük həcmlərinə əsaslanan yeni reytinqini açıqlayıb. Məlum olub ki, xüsusilə Chromebook bazarında gözlənilməz satış artımı müşahidə olunub.
Planşet bazarı:
Hesabat dövründə Apple liderliyini qoruyub – şirkət 14,3 milyon planşet göndərib, bu da ötən illə müqayisədə 0,4% artım deməkdir. Beləliklə, Apple ümumi bazarın 35,6%-nə sahib olub.
İkinci yerdə Samsung qərarlaşıb – 6,9 milyon tədarük və 17,3% bazar payı ilə (+0,1%).
Üçüncü pillədə Lenovo (3,6 milyon, 9,1%) yer alıb və ildə 23% artım göstəricisi ilə ən böyük irəliləyişi nümayiş etdirib.
Dördüncü yerdə HUAWEI (3,1 milyon, 8%), beşinci yerdə isə Xiaomi (2,6 milyon, 6,6%) qərarlaşıb.
Chromebook bazarı:
Üçüncü rübdə ümumilikdə 4,2 milyon Chromebook tədarük olunub. Bu kateqoriyada Lenovo birinci yerə yüksəlib – şirkətin 1,4 milyon tədarükü bazarın 33%-nə bərabərdir, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54,6% artım deməkdir. Analitiklərin fikrincə, bu artımın əsas səbəbi Chromebook-ların yenidən təhsil müəssisələrində geniş tətbiq olunmağa başlamasıdır.
İkinci pillədə Acer (18%, ötən ilə nisbətən -34,7% azalma), üçüncü yerdə isə HP (16,1%) qərarlaşıb. Onların ardınca ASUS (15,9%) və Dell (11,3%) gəlir.





