Təhlükəsizlik tədqiqatçıları Comparitech şirkəti 2025-ci ildə məlumat sızmaları ilə bağlı forumlardan toplanmış 2 milyarddan çox real hesab parolunu təhlil edərək, ən çox istifadə olunan kombinasiyaları müəyyən edib. Nəticələr göstərib ki, istifadəçilər hələ də hesablarını qorumaq üçün ən sadə və asan tapılan parollardan istifadə etməyə davam edirlər.
Reytinqin ilk onluğunda bu parollar yer alıb:
1. 123456
2. 12345678
3. 123456789
4. admin
5. 1234
6. Aa123456
7. 12345
8. password
9. 123
10. 1234567890
Araşdırmaya görə, ən populyar 1000 parolun dörddə biri yalnız rəqəmlərdən ibarətdir. Onların 38,6%-ində “123” ardıcıllığı, 2%-ində “321”, 3,1%-ində isə əlifba sırası ilə düzülmüş hərflər yer alır. Ən sadə parollardan bəziləri yalnız bir simvolun təkrarından ibarətdir: məsələn, “111111” siyahıda 18-ci, “********” isə 35-ci yeri tutub.
İstifadəçilər rəqəmli ardıcıllıqları çox vaxt “password”, “admin” və “qwerty” kimi sözlərlə birləşdirirlər. Məsələn, 1000 parolun 3,9%-ində “pass” və ya “password”, 2,7%-ində “admin”, 1,6%-ində “qwerty”, 1%-ində isə “welcome” sözləri yer alır. Maraqlıdır ki, “minecraft” sözü 100-cü yerdə qərarlaşıb — bu parol təxminən 70 min dəfə, həmçinin “Minecraft” şəklində əlavə 20 min dəfə istifadə olunub.
Ümumilikdə, sızan parolların 65,8%-i 12 simvoldan az, 6,9%-i 8 simvoldan az, yalnız 3,2%-i isə 16 və daha çox simvoldan ibarət olub. Yəni 2025-ci ildə də istifadəçilərin çoxu təhlükəsizlik qaydalarını hələ də ciddiyə almır.








