Lamborghini şirkəti özünün Centro Stile dizayn mərkəzinin 20 illiyi münasibətilə gələcəyin superkarlarına baxışını əks etdirən Manifesto adlı konsept avtomobilini təqdim edib. Dizaynerlər onu “təmiz skulptura” və eyni zamanda brendin yaxın illər üçün “manifesti” adlandırırlar.
Manifesto parlaq sarı rəngdə hazırlanıb və Lamborghini-yə məxsus klassik dizayn xüsusiyyətlərini qoruyur: kəskin oxvari siluet, aşağı və aqressiv ön hissə, mürəkkəb geometrik xətlər. Ön hissədə Y formalı gündüz işıqları ilə üçbucaq faralar, arxa hissədə isə iri diffuzor və Y formalı arxa işıqlar diqqət çəkir. Bütöv şüşədən ibarət şəffaf kokpit isə konseptə futuristik “kapsul bolid” görünüşü bəxş edir.
Təqdimat zamanı Lamborghini Fenomeno modeli də Manifesto-nun yanında nümayiş etdirilib və dizayndakı oxşarlıqlar Fenomeno-nun məhz Manifesto-dan ilhamlandığını göstərir.
Centro Stile rəhbəri Mitya Borkert bildirib ki, Manifesto-nun yaradılması yaradıcılıq azadlığının simvolu və Lamborghini komandasının məhsul istehsalı məhdudiyyətləri olmadan nələrə qadir olduğunu nümayiş etdirir.
Hərçənd ki, Lamborghini Manifesto real yollara çıxmayacaq, onun dizayn ideyaları və elementləri gələcək seriyalı modellərdə demək olar ki, mütləq şəkildə öz əksini tapacaq.