Mozilla şirkəti Firefox brauzerinə yeni “ağıllı təkliflər” funksiyasını əlavə etməyə hazırlaşır. Bu yenilik sayəsində bəzi sorğuların cavabı birbaşa ünvan sətrində (address bar) göstəriləcək — yəni artıq ayrıca axtarış nəticələri səhifəsinə keçməyə ehtiyac qalmayacaq.
Tərtibatçıların paylaşdığı nümunələrə görə, istifadəçi sorğunu yazarkən brauzer dərhal cavabla bağlı təklif göstərəcək. Məsələn, aviauçuş nömrəsi daxil edildikdə, Firefox həmin reysin hazırkı statusunu, marşrutunu, uçuş və eniş vaxtını göstərən kiçik panel təqdim edəcək. Onun altında isə adi axtarış təklifləri qalacaq.
Başqa bir funksiya — yerli xidmətlərin sürətli tapılmasıdır. Məsələn, “velosiped təmiri” yazdıqda, brauzer yüksək reytinqli yerli servisə birbaşa keçid verə bilər — işləmə saatları və sayt ünvanı ilə birlikdə.
Mozilla bildirir ki, gələcəkdə ağıllı təkliflərdə reklamlar da göstərilə bilər. Lakin şirkət vurğulayır ki, nə reklamçılar, nə də brauzer tərtibatçıları bu reklamların kimə göstərildiyini öyrənə bilməyəcək — bu, məxfilik prinsiplərini qorumaq üçün nəzərdə tutulub.
Mozilla bu funksiyanı daha əvvəl də tətbiq etməyə cəhd edib, lakin sorğuların açıq şəkildə serverə göndərilməsi məxfilik problemi yaradırdı. İndi isə şirkət bu məsələni texnoloji cəhətdən həll edib.
Hazırda yeni xüsusiyyət yalnız ABŞ istifadəçiləri üçün elan edilib.





