Volkswagen elektrik avtomobillərini daha əlçatan etmək məqsədilə yeni modelini təqdim etməyə hazırlaşır. Şirkət kompakt ID.2 modelinin ilk görüntülərini göstərib. Avtomobilin rəsmi təqdimatı 7 sentyabrda Münhendə keçiriləcək.
Yeni ID.2 şirkətin ucuz seqmentdəki elektrik modellərindən biri olacaq. İlkin məlumata görə, maşının qiyməti təxminən 25 min avro olacaq. O, ölçülərinə görə geniş Golf modelini xatırlatsa da, əlçatanlığı ilə Poloya yaxın olacaq. ID.2-dən sonra isə seriyada yer alan krossover versiyası da təqdim ediləcək.
Avtomobil tamamilə yeni MEB+ platforması üzərində qurulub və iki batareya variantı ilə təklif olunacaq: 38 kVt·s və 56 kVt·s. Bu isə bir şarj ilə maksimum 450 km məsafə qət etməyə imkan verəcək.
Salon dizaynı da yenilənib – multimedia üçün 12,9 düymlük və göstəricilər paneli üçün 10,9 düymlük ekran quraşdırılıb. Əlavə olaraq, Volkswagen əvvəlki modellərlə müqayisədə daha çox fiziki düymələr əlavə edib və Golf ilə Beetle modellərinə bənzər idarəetmə rejimləri təqdim edib.
Yeni ID.2-nin krossover versiyasının detalları hələ açıqlanmayıb. Avtomobilin satışına gələn ildən başlanacağı gözlənilir.