OpenAI şirkəti ChatGPT üçün yeni funksiyanın istifadəyə verildiyini açıqlayıb. Artıq istifadəçilər çat-bot pəncərəsini tərk etmədən onlayn alış-veriş edə və ödəniş həyata keçirə biləcəklər — baxmayaraq ki, funksiyanın tətbiq sahəsi hələlik məhduddur.
İstifadəçi sadəcə axtardığı məhsulu çat-botdan istəməlidir — məhsulun kartı birbaşa dialoqda görünəcək. Daha sonra sifarişi elə söhbət pəncərəsində tamamlamaq mümkündür.
Ödəniş bank kartı məlumatları vasitəsilə, eləcə də Apple Pay, Google Pay və Stripe kimi populyar sistemlərdən istifadə etməklə həyata keçirilə bilər. OpenAI-nin bildirdiyinə görə, alış-veriş məlumatları üçüncü tərəflərlə paylaşılmır.
Yeni funksiya bütün tariflərdə, o cümlədən Free versiyada da mövcuddur. Lakin hazırda o, yalnız ABŞ-da və yalnız Etsy platforması üçün işləyir. Gələcəkdə Shopify ilə inteqrasiya planlaşdırılır, lakin xidmətin digər ölkələrə nə zaman genişlənəcəyi barədə məlumat yoxdur.