“Google Translate”in yeni funksiyası xarici dillərin öyrənilməsinə kömək etmək üçün nəzərdə tutulub. Xüsusi süni intellekt alqoritmi proqram tərtib edir, tərəqqini izləyir və öyrənmə prosesini konkret məqsədlərə uyğunlaşdıra bilir — ən əsası isə istifadəçilərə xoşagəlməz xatırlatmalar göndərmir.
Öyrənmə rejimi artıq bəzi ölkələrdə Android və iOS üçün mobil tətbiqdə (“Practice” bölməsində) əlçatandır. Fərdi proqram hazırlanmadan əvvəl tətbiq istifadəçidən öyrənilən dildə hazırkı səviyyəsini soruşur, sonra isə məqsədi sərbəst şəkildə yazmağı və ya hazır variantlardan birini seçməyi təklif edir.
Bu “tanışlıqdan” sonra Google Translate başlanğıc sorğuya uyğun bir çox ssenaridən ibarət proqram hazırlayır. Hər ssenaridə danışıq və dinləmə üzrə məşqlər olur. Dinləmə rejimində tətbiq ifadəni səsləndirir və istifadəçidən eşitdiyi sözlərin tərcüməsini seçməyi xahiş edir.
Google nümayəndələrinin sözlərinə görə, məşqlər dil öyrənmə sahəsində aparılan tədqiqatlara əsasən mütəxəssislər tərəfindən hazırlanıb. Bundan əlavə, öyrənmə rejimi gündəlik tərəqqini izləyə bilir.
Yenilənmiş tətbiq hələlik yalnız müəyyən istifadəçilər üçün açıqdır: ingilis dilində danışanlar ispan və fransız, ispan və portuqal dillərində danışanlar isə ingilis dilini öyrənə bilirlər.
Bundan başqa, “Google Translate”də süni intellekt əsasında işləyən ikitərəfli real vaxt dialoq rejimi də əlavə olunub. O, danışığı tanıyır, tərcüməni ekranda göstərir və 70-dən çox dili, o cümlədən rus dilini dəstəkləyir.