Xiaomi şirkəti özünün Redmi brendi altında yeni güclü və sərfəli smartfon modelini — Redmi K80 Ultra (digər adıyla Supreme Edition) — rəsmi olaraq Çində təqdim etdi.
Yeni cihaz haqqında məlumat yapon portalı Sumahon!! tərəfindən paylaşılıb. Bildirilib ki, smartfon MediaTek Dimensity 9400+ çipseti ilə təchiz olunub. Bu prosessor əvvəlki Dimensity 9400 versiyasının təkmilləşdirilmiş formasıdır — əsas nüvənin tezliyi 3,62 GHz-dən 3,70 GHz-ə yüksəldilib, RAM həcmi 16 GB LPDDR5X, daxili yaddaş isə 1 TB UFS 4.1 səviyyəsindədir.
Redmi K80 Ultra 6,83 düymlük OLED ekran (2772×1280 piksel), 144 Hz yenilənmə tezliyi və 3200 nit maksimum parlaqlıq ilə gəlir. Ekrana ultrasəs barmaq izi skaneri inteqrasiya olunub.
Cihazın daha yüksək qrafik və oyun yükünə tab gətirməsi üçün müstəqil ekran çipi və 6500 mm²-lik soyutma sistemi mövcuddur. Smartfon keçirici (bypass) şarj doldurma rejimini dəstəkləyir — bu o deməkdir ki, oyun zamanı cihaz şarj olunarkən az qızır.
Redmi K80 Ultra 7410 mA·s tutumlu batareyaya sahibdir və 100 Vt sürətli şarj texnologiyasını dəstəkləyir. Şirkət bildirir ki, bu batareya iki gündən çox aktiv istifadə imkanı verir. Bundan əlavə, 1600 dövrədən sonra belə enerji tutumunun 80%-ni qorumağa qadirdir — bu isə uzunömürlülüyə işarədir.
Cihazın Çində start qiyməti təxminən 357 ABŞ dollarıdır. Hələlik beynəlxalq bazarda nə zaman təqdim olunacağı barədə məlumat paylaşılmayıb.
Redmi K80 Ultra — güclü prosessor, yüksək keyfiyyətli ekran, effektiv soyutma sistemi və nəhəng batareya ilə təchiz olunmuş performans yönümlü smartfondur. Əlçatan qiymət onu oyunçular və güclü cihaz axtaran istifadəçilər üçün ideal seçimə çevirir.