XDA Developers portalının məlumatına görə, dünyanın ən böyük oyun platformalarından biri olan Steam-in istifadəçi məlumat bazası darknetdə cəmi 5000 dollara satışa çıxarılıb.
Hansı məlumatların sızdığı dəqiq bilinmir. Əgər bu bazada 90 milyon istifadəçinin giriş adı və şifrələri varsa, niyə bu qədər ucuz qiymətə satılır? Yox əgər məlumatlar yalnız SteamDB vasitəsilə əldə olunan açıq istifadəçi identifikatorlarıdırsa, onda onların heç bir dəyəri yoxdur.
Satıcı tərəfindən paylaşılmış nümunə datasetdə guya Valve tərəfdaşlarına göndərilən və ikimərhələli identifikasiya kodlarını ehtiva edən SMS-lər var. Amma kibertəhlükəsizlik üzrə mütəxəssislər bu məlumatların həqiqiliyini təsdiqləyə bilməyiblər.
Yəni çox güman ki, bu «sızma» saxtadır və narahat olmağa dəyməz. Amma yenə də ehtiyatlı olmaqda fayda var: imkanınız varsa, Steam parolunuzu yeniləyin və hesab ayarlarınızda Steam Guard funksiyasının aktiv olduğundan əmin olun.