13 il əvvəl çıxan məşhur strategiya oyunu Clash of Clans nəhayət ki, serial formatında canlanacaq. Görünür, Finlandiyanın Supercell studiyası brendi daha da gücləndirmək üçün indi bu addımı atmaq qərarına gəlib. Layihə Netflix ilə tərəfdaşlıq çərçivəsində hazırlanacaq.
Serialın yaradıcı heyətində oyunun animasiya treylerlərini hazırlayan Fletcher Mulls yer alacaq. Ssenari müəllifi isə “Futurama” və “Silicon Valley” kimi tanınmış komediyalarda çalışmış Ron Weiner olacaq. Süjetə görə, bir barbar (yəqin ki, oyunun əsas siması) uğursuzlardan ibarət bir dəstə toplayaraq kəndi qorumağa çalışacaq. Janr təbii ki, komediyadır.
Hazırda layihə hələ preproduksiya mərhələsindədir, yəni serialın keyfiyyəti ilə bağlı dəqiq nəsə demək tezdir. Netflix bu sahədə həm uğurlu (“Arcane”), həm də uğursuz (“Cowboy Bebop”) layihələrlə tanınır. Serialın istehsalını isə Kanadanın Vankuver şəhərində yerləşən ICON Creative Studio həyata keçirəcək. Bu studiya əsasən uşaqlar üçün nəzərdə tutulmuş 3D animasiya layihələri ilə məşhurdur.