Huawei şirkəti açıq tipli FreeBuds 6 simsiz qulaqlıqlarını təqdim edib. Bu, markanın iki dinamikli ilk modelidir: burada həm planar, həm də 11 mm-lik ikiqat maqnitli dinamik istifadə olunub. Qulaqlıqların tezlik diapazonu 14 Hz-dən 48 kHz-ə qədərdir.
FreeBuds 6 qulaqlıqları L2HC 4.0 audio kodekini dəstəkləyir və Huawei Mate X6 (EMUI 15 və ya daha yeni versiyalarla) qoşulduqda 2,3 Mbit/s-ə qədər səs ötürmə sürəti təklif edir. Huawei Pura 70 ilə bu sürət 1,5 Mbit/s, digər cihazlarla isə 990 Kbit/s-ə qədərdir. Əlavə olaraq SBC, AAC və LDAC kodekləri də dəstəklənir.
Qulaqlıqlar aktiv səsboğucu (ANC) texnologiyası və hər qulaqcıqda üç mikrofon ilə təchiz olunub. Bu mikrofonlardan biri VPU texnologiyalıdır və fon səslərini 95 dB-ə, külək səsini isə 8 m/s-ə qədər süzə bilir.
Batareya ömrü ANC söndürüldükdə 6 saat, ANC aktiv olduqda isə 4,5 saat təşkil edir. Şarj qutusu ilə birlikdə bu müddət müvafiq olaraq 27 və 36 saata qədər uzanır. Qulaqlıqlar həm USB-C ilə naqilli, həm də simsiz şarjı dəstəkləyir. Qutudakı qulaqlıqlar təxminən 25 dəqiqəyə, qutunun özü isə USB-C ilə 45 dəqiqəyə, simsiz şarjla 180 dəqiqəyə tam dolur.
Şarj qutusunun çəkisi 40,3 qram, ölçüləri 66,2 x 49,9 x 26,8 mm, hər bir qulaqcığın çəkisi isə 4,9 qramdır. Qurğu toz və suya qarşı IP54 standartına uyğun qorunur.
FreeBuds 6 qulaqlıqları bənövşəyi, qara və ağ rənglərdə təqdim olunur və qiyməti 159 avro təşkil edir.