ChatGPT-nin son versiyası bədən yağ faizi (BFP) kimi sağlamlıq üçün vacib olan göstəricini təyin etməkdə təəccüblü dəqiqlik nümayiş etdirib. Tibb bələdçilərindən götürülmüş nümunə fotolar əsasında keçirilən testlərdə süni intellekt kişilər üçün orta hesabla cəmi +0.8%, qadınlar üçün isə +3.5% səhvlə nəticə verib.
Uzun illərdir tənqid olunan bədən kütlə indeksi (BMI) əzələ və yağ nisbətini nəzərə almadığı üçün qeyri-dəqiq sayılır. GPT-4o isə bədən yağının vizual əlamətlərini analiz edərək daha fərdi və real nəticə təqdim edir. Üstəlik, bu texnologiya ilə nəticə almaq üçün sadəcə bir şəkil yükləmək kifayətdir. Halbuki, oxşar dəqiqliyə malik DEXA müayinələri yüzlərlə dollar dəyərindədir.
Qeyd edək ki, qadınlarda dəqiqlik nisbətən aşağıdır (maksimum səhv payı 5.7%-ə qədər). Mütəxəssislər bunu qadınlarda yağ toxumasının daha mürəkkəb şəkildə paylanması ilə izah edirlər ki, bu da vizual analiz üçün çətinlik yaradır.
ChatGPT vurğulayır ki, təqdim etdiyi nəticələr tibbi diaqnoz sayılmamalıdır, lakin sağlamlığı izləmək üçün başlanğıc nöqtəsi kimi faydalı ola bilər. Bu nümunə göstərir ki, süni intellektin inkişafı ilə bədən tərkibinin fotoanalizi köhnəlmiş BMI göstəricisinə və baha başa gələn klinik testlərə real alternativ ola bilər.