Bosch, 31 Mart 2025-ci il tarixindən etibarən elektrikli avtomobillər üçün şarj xidmətlərində fəaliyyətini dayandıracağını açıqladı. Bu barədə Electrive nəşri Almaniya konserninin müştərilərinə göndərilmiş məktuba istinadən məlumat yayıb.
Məktubda göstərildiyi kimi, qərar elektrik avtomobillər bazarının gözləniləndən daha yavaş böyüməsi ilə bağlıdır. 2025-ci il aprelin 1-dən «Charge My EV» xidməti tamamilə bağlanacaq: istifadəçilər platformaya girişi itirəcək, RFID doldurma kartları fəaliyyətini dayandıracaq və iki ay ərzində müştərinin şəxsi məlumatları silinəcək.
Bosch hazırda Maserati (Stellantis qrupunun bir hissəsi) və Lotus (Geely-ə məxsus) brendləri ilə əməkdaşlıq edir. Bu markaların elektrik avtomobillərinin sahibləri konsernin xidməti vasitəsilə dünya üzrə 600 mindən çox ictimai şarj stansiyası şəbəkəsindən istifadə edə bilər.
Bosch, müqavilələrin ləğvinin xidmətlərin vaxtından əvvəl dayandırılması maddəsi çərçivəsində həyata keçirildiyini vurğuladı. Şirkət müştərilərə əvvəlcədən alternativ şarj həllərinə keçməyi tövsiyə edir.