Redmi brendi Note 11 seriyasının yeni smartfon modelini təqdim edib. Söhbət, Redmi Note 11E 5G modelindən gedir. Sözügedən smartfon orta səviyyəli texniki göstəriciləri və satış qiyməti ilə diqqəti cəlb edir. Redmi Note 11E 5G modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfyyətli 6.58 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Qeyd etmək lazımdır ki, Redmi Note 11E 5G həmçinin özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Dimensity 700 prosessoru, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürəti şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smarfonun arxa kameraları saniyədə 30 kadr sürətlə 1080p və 720p keyfiyyətində videolar çəkə bilirlər. Smartfon kontaktsız ödənişlər üçün NFC çipə sahib deyil və onun gövdəsi sudan qorunma özəlliyini dəstəkləmir. Redmi Note 11E 5G-nin Çində satışlarına 18 mart tarixində start veriləcək. 4 GB RAM-a sahib versiya 189$-a, 6 GB RAM-a sahib versiya isə 205$-a satılacaq.