Bu gün “Azərkosmos” ASC, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, Lenovo şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə 18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhələsi baş tutdu. 25 komanda ümumilikdə isə 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışdılar. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi oldu. Beləliklə, birinci yerin qalibi “ICARUS” komandası, ikinci yer “SpaceSetup ⃰ » komandası, üçüncü yer isə “Ulduz Station” komandası oldu. Qalib komandalar pul mükafatı ilə təltif olundular:
— Birinci yer: 10 000 manat;
— İkinci yer: 5 000 manat;
— Üçüncü yer: 2 500 manat.
Hakatonun qalibləri beynəxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim etdilər. Azərbaycanda ilk dəfə keçirilən “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara əslində kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.