spot_img
23 ноября, 2024
ДомойСайтыСоциальные сервисыBiznesimi İnternetdə necə tanıdım?

Biznesimi İnternetdə necə tanıdım?

Rəqəmsal xidmətlərin sürətli inkişafı Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərin Rəqəmsal Marketinqə marağını artırıb. Əlbəttə ki, əhalinin sosial şəbəkələr və digər sosial məhsullardan kütləvi şəkildə istifadə etməsi, yeni reklam məkanlarının yaranmasına yol açdı. Bu səbəbdən Rəqəmsal Marketinq sahəsində təcrübəyə malik olan agentlik və mütəxəssislərə ehtiyac artdı. Bu məqaləmizdə oxucularımızı Azərbaycanda uğur qazana bilmiş müxtəlif Rəqəmsal Marketinq alətləri ilə tanış edəcəyik.

Rəqəmsal Marketinq şirkəti tanıtmaq, müştərilərlə əlaqə qurmaq, onlara xidmət göstərmək, satış həyata keçirmək, habelə uyğun kadr axtarmaq və s. üçün uğurlu marketinq yollarından biridir. Bu fəaliyyət Məzmun marketinqi (Content marketing), Dizayn (UX/UI) qaydaları, E-mail marketinqi, Video marketinqi, Sosial media marketinqi (SMM), Axtarış sistemlərində marketinq (SEM), Bloqçuluq, Rəqəmsal bannerlər, Viral marketinq, Tərəfdaşlıq marketinqi (Affiliate marketing) və s. kimi texnologiyaları özündə cəmləyir.

Məzmun marketinqi

Məzmun marketinqi hədəf auditoriyanızı cəlb etmək üçün onu maraqlandıran məzmunu yaradıb yayaraq istifadə olunan marketinq texnologiyasıdır. Standart reklamların artıq maraq cəlb etməməsi, hətta neqativ reaksiyaya səbəb olması məzmunun yeni formada təqdim olunması yönündə addımların atılmasına gətirib çıxartdı. Məzmun marketinqini həm oflayn kanallarda, həm də sosial şəbəkələr, axtarış sistemləri, korporativ sayt, bloq və s. məkanlarda aparıla bilər. Əgər standart reklam məhsulu sadəcə tərifləyir, onun müsbət cəhətlərini qabardırsa, məzmun marketinqindən istifadə edərək şirkətlər hədəf auditoriyaya məhsuldan istifadə qaydaları, müxtəlif məsləhətlər, həmçinin istifadəsi üçün vacib olan amillər və s. barədə məlumat ötürür. Texnologiyanın məqsədi istehlakçını məqsədli hərəkətlərə təşviq etmək, onu sizin konversiya ssenarinizə cəlb etməkdir. Məzmun marketinqi sizin potensial alıcınız tərəfindən lazımı vaxta və lazımı yerdə alınmış informasiyadır (mətn, postlar, video və audio, vebinar, proqramlar, oyun məzmunu, seminarlar və s.).

Sosial media marketinqi (SMM)

Sosial media marketinqi sosial şəbəkələr, habelə digər sosial platformalardakı hədəf auditoriya ilə qarşılıqlı əlaqəyə girərək məhsul və ya xidmətləriniz barədə məlumat vermək texnologiyasıdır. Ölkəmizdə bu termin əksər hallarda sadəcə sosial şəbəkələrdə reklam vermək kimi başa düşülür. Lakin, nəzərə almaq lazımdır ki, SMM sahəsinə dərcetmə platformaları (bloqlar, vikipediya və s.), məzmun bölüşülməsi platformaları (video: YouTube, Vimeo, təqdimat: Slideshare və s.), forum və ismarıc sistemləri (phpBB, Skype, Whastapp, Messenger və s.), sosial şəbəkələr (Facebook, Linkedin, Instagram və s.), mikrobloqlar (Twitter, flickr və s.), habelə canlı yayım servisləri (Periscope, livestream və s.), sosial oyunlar və s. daxildir. Şirkətin hədəf auditoriyasını və bu auditoriyanın maraqlarını müəyyənləşdirdikdən sonra məzmunun hansı kanallar üzərindən yayılacağı ilə bağlı strategiya qurulur. Ənənəvi olaraq Azərbaycanda SMM üçün ən uyğun məkan Facebook, Instagram, YouTube, Mail.ru və Linkedin platformaları sayılır. Hal-hazırda Facebook şəbəkəsində Azərbaycandan 1.7 milyon istifadəçi qeydiyyatdan keçib. Facebook müştərilər ilə əlaqə qurmaq üçün brend və şirkətlərə geniş imkanlar yaradan xüsusi səhifə (Corporate page) təqdim edir. Hal-hazırda Facebook ads reklam sistemi şirkətlərə həm banner reklamı, həm də Təbii reklam (Native adverts), yəni digər məzmunların arasında çıxan tanıtım imkanları təqdim edir. Şirkətlər səhifədə yerləşdirdiyi məzmunları mobil və veb platformalardan istifadə edən şəbəkə istifadəçilərinin diqqətinə çatdırır. Reklam kampaniyası hədəf auditoriyanın sosial şəbəkədə nümayiş etdirdiyi aktivlik göstəricilərinə görə qurulur. Burada yaş, cins və yaşayış yeri ilə yanaşı potensial müştərinin istifadə etdiyi smartfon növü, onu maraqlandıran mövzular, sahələr, xarici ölkələrə səfər edib-etməməsi, biznes sahibi olub-olmaması və digər məlumatlar faydalı ola bilər. Facebook şirkətinə məxsus olan Instagram şəbəkəsində də eyni reklam imkanları mövcuddur və burada da adı çəkilən reklam sistemi tətbiq olunur. Öz növbəsində Linkedin sosial şəbəkəsi daxili reklam sisteminə və standart hədəfləmə imkanlarına malikdir. Mail.ru şirkətinə daxil olan bir neçə platformalarda isə reklam target.my.com sistemi üzərindən formalaşdırılır.

SMM aktivliyinin idarə edilməsi üçün Sizə ilk öncə hədəf auditoriyanızı və onun hansı sosial media platformalarından istifadə etdiyini müəyyənləşdirilmək lazımdır. Bundan sonar həmin platformalarda qeydiyyatdan keçərək hədəf auditoriyanın maraqlarına uyğun məzmun yaratmaq, ona lazımi məzmunu çatdırmaq tələb olunur. Bu mərhələdə müxtəlif foto və video materiallardan istifadə edərək məhsul və xidmətləriniz barədə, onun müxtəlif üstünlükləri, istifadə qaydaları, keyfiyyət faktorları və digər amilləri haqqında məlumat vermək, müştərilər ilə aktiv şəkildə ünsiyyət qurmalısınız.

Facebook özünün yeni Canvas ads adlı reklam texnologiyasını istifadəçilərin diqqətinə təqdim edib. Bu texnologiya köməyilə Siz müəyyən məhsulunuz barədə geniş məlumat təqdim edə bilərsiniz. Bunu etmək üçün ayrıca sayta ehtiyac duyulmur. Texnologiya barədə daha ətraflı məlumatı www.canvas.facebook.com ünvanından ala bilərsiniz.

SMM üzrə praktik biznes təlimlərini ölkədə www.marketinq.az saytı həyata keçirir. 10 dərslik, cəmi 20 saatlıq təlim ərzində dinləyicilərə müxtəlif strateji addımlar və sosial platformalardan istifadə edərək satışların artırılması haqqında, müştəri məmnuniyyəti və digər mövzularda məlumatlar verilir.

E-mail marketinqi

Rəqəmsal marketinq alətlərinin təkrar satış və müştərilərlə əlaqə qurmaq sahəsində ən uğurlu alətlətdən biri e-mail marketinqidir. Müştərilərinizdən topladığınız e-mail ünvanları vahid bazaya toplayaraq yeni məhsul və xidmətləriniz barədə onlara birbaşa məlumat verə bilərsiniz. Bununla yanaşı müştərinin ad günündə və bayram münasibətilə ona təbrik göndərmək, ona mütamadi mühüm və ya əlverişli məlumatlar təqdim etmək qarşılıqlı əlaqəni stabil saxlamağa kömək edir.

Lakin, e-mail yayımını keyfiyyətli şəkildə, xüsusi və səliqəli dizaynla həyata keçirmək olduqca böyük əhəmiyyət kəsb edir. Bunun üçün müxtəlif şirkətlər geniş imkanlı həllər təqdim edir. MailChimp, Steamsend, Sendpulse və s. kimi xidmətlər sizə e-mail bazası toplamaq, məktub üçün dizayn şablonları, habelə məktub göndərildikdən sonra hesabatlar əldə etmək, saytınız üçün e-mail abunəçilik sistemi yaratmaq kimi imkanlar təklif edir.

Bu xidmətlərdən biri — dünya miqyasında məşhur MailChimp ilə yaxından tanış olaq. MailChimp xidməti istifadəçilərə 2000-dək abunəçi bazası və aylıq 12000-dək məktub göndərmə paketini pulsuz təqdim edir. Daha geniş imkanlar əldə etmək üçün aylıq və ya birdəfəlik ödənişlər tələb olunur. Qeyd edək ki, pulsuz paket ölkəmizdə fəaliyyət göstərən kiçik biznes üçün tamamilə kifayətdir. Bu paketdən istifadə etdikdə siz İnternetdə satılan e-mail baza paketini alaraq tanımadığınız şəxslərə deyil, konkret olaraq mövcud və potensial müştərilərinizdən ibarət baza toplayaraq məhz onlarla əlaqə quracaqsınız.

mc-features-drag-dropMailChimp.com saytında qeydiyyatdan keçdikdən sonra bazaya yeni elektron poçt ünvanlarını daxil etmək lazımdır. Ünvanları satış zamanı müştərilərinizdən, habelə sosial şəbəkələrdən və veb-sayt üzərindən toplaya bilərsiniz. MailChimp e-mail ünvanları həm tək-tək, həm də kütləvi şəkildə daxil etmək imkanı verir. Baza topladıqdan sonra növbə yeni e-mail kampaniyası yaratmağa gəlir. Burada Sizə uyğun olan kampaniya üslubunu seçə bilərsiniz. Standart şəkildə HTML məktub formasını seçib, növbəti mərhələdə şablon seçimi edəcəksiniz.

Şablonu seçdikdən sonra xüsusi redactor vasitəsilə məktubun başlığını, mətnini, habelə şəkilləri, xüsusi blokları, müxtəlif sosial şəbəkə düymələrini və s. formalaşdırdıqdan sonra onu bütün abunəçilərinizə göndərə bilərsiniz. Bununla yanaşı, siz həmçinin bir neçə baza yarada bilərsiniz. Bu bazaları cins, yaş və digər demoqrafik göstəricilərə görə qruplaşdırıb, bununla da sərrast e-mail marketinq strategiyası tətbiq edə bilərsiniz.

Məktub seçdiyiniz bazadakı electron ünvanlara göndərildikdən sonra sizə onun oxunması barədə, eləcə də içində yer alan keçidlərə klik edilməsi, məktubun çatmadığı e-mail ünvanlar və abunəçilikdən çıxan ünvanlar barədə məlumat təqdim olunacaq. Bu məlumatları xüsusi barda əldə edə biləcəksiniz.

reportsSmall02Məqsədli səhifə

Məqsədli səhifə (Landing page) yeni məhsul və ya xidmətin tanıtımı üçün istifadə edilir və sosial şəbəkələr, axtarış sistemləri, ya da digər reklam məkanları üzərindən xüsusi keçid vasitəsilə təqdim olunur. Məqsədli səhifə müəyyən məhsul və ya xidmət üçün yaradılır və hədəf auditoriyanın diqqətinin başqa məhsul və xidmətlərə yayılmaması üçün nəzərdə tutulur.

Məqsədli səhifə hazırlandıqda aşağıdakı məqamları nəzərə almaq lazımdır:

  • Yalnız bir səhifədən ibarət olmalıdır;
  • Müəyyən hərəkət etməyə dəvət edən (zəng et, al, qeydiyyatdan keç) düymələr təkrarlanmamalıdır;
  • Burada yerləşdirilən mətn informativ və asanlıqla anlaşılan olmalıdır;
  • Menü və digər elementlər üçün istifadəçi interfeysi UX/UI seçilməlidir;
  • Dizayn asanlıqla anlaşılan və səliqəli olmlalıdır.

site1site2Bir neçə nümunə: http://tveroblproject1.ru/, http://prcontext.ru/

Bir neçə nümunə

Burada əsas məqsəd həmin səhifə üzərindən birbaşa satış həyata keçirmək, ya da potensial müştərilərin əlaqə məlumatlarını əldə edib satışları daha sonra gerçəkləşdirməkdir. İstifadəçilərin məqsədli səhifədə daxil etdikləri məlumatlar admin panelində, bir bölmədə toplanır və ya e-mail vasitəsilə çatdırılır. Əgər bu tip saytların yaradılması üçün büdcəniz yetərsizdirsə, alternativ olaraq Google Docs imkanlarından istifadə edə bilərsiniz. Google Form Sizə sadə və informativ məqsədli səhifənin yaradılmasına və Spreadsheet isə doldurulmuş məlumatların siyahı şəkildə toplanmasına şərait yaradacaq. Veb sayt: www.docs.google.com.

Axtarış sistemlərində marketinq (SEM)

Bu sahə də məzmun marketinqi ilə bağlıdır və daha çox hədəf auditoriyanın axtarış sistemlərindən sayta və ya məqsədli səhifəyə yönəldirilməsi üçün istifadə edilir. Bu sahənin yaratdığı müxtəlif imkanlar arasında ən çox özəl Axtarış sistemləri üzrə optimizasiya (SEO) və kontekst reklamı (Contextual) istifadə olunur.

Axtarış sistemləri üzrə optimizasiya korporativ sayt üzərində aparılır. Burada əməliyyatlar üç müxtəlif müstəvidə keçirilir.

  • Saytın kod müstəvisində bütün kod səhvlərin aradan qaldırılması, ana səhifə və daxili səhifələr üçün açar sözlərin (Meta tags) tənzimlənməsi, linklərin səhifə/xəbər adına görə təyin edilməsi (Semantic URLs) və s. işləri aparılır.
  • İkinci müstəvidə saytın digər resurslarda əks olunması təmin olunur. Müxtəlif saytlarda, forumlarda, kataloqlarda, bloqlarda və digər məkanlarda sayta keçidlərin sayını artıraraq, saytın avtoritar səviyyəsi axtarış sistemi qarşısında artırılır və onun vacibliyi vurğulanır.
  • Üçüncü müstəvifə isə məzmunun unikallığı və yenilənmə faktoru ön plana çıxır. Əgər siz saytın məzmununu digər mənbələrdən köçürmüsünüzsə, belə halda axtarış botu sizin müəllif hüquqlarını pozduğunuzu aşkarlaya bilər, plagiata yol verdiyiniz üçün səhifənizin ilk sıralarda göstərilməsi sual altında qala bilər. Bu səbəbdən məzmunun unikallığına xüsusi diqqət yetirmək lazımdır. Həmçinin, saytda məlumat vaxtaşırı yenilənərsə, axtarış botu sizin saytı daha təzə variant kimi üst sıralarda təqdim edəcək. Bu baxımdan, korporativ sahədə saytın yenilənməsi nadir hallarda baş verdiyinə görə korporativ bloqun əhəmiyyəti artır.

Konteskt reklamı axtarış sistemində xidmət və ya məhsulunuzu ödənişli axtarış barının üst sıralarında hədəf auditoriyaya təqdim edə bilmək imkanı yaradır. Burada siz adwords.google.com, direct.yandex.com vasitəsilə xidmət və ya məhsulunuzu səciyyələndirən açar sözləri təyin edərək reklamınızı quraşdırırsınız. İstifadəçilər axtarış zamanı sizin qeyd etdiyiniz açar sözləri daxil edərkən sizin reklamı görüb saytınıza daxil olacaqlar.

Korporativ bloq

Yuxarıda qeyd olunduğu kimi, bloqlar korporativ sahədə geniş şəkildə istifadə edilir. Məzmun marketinqi strategiyası çərçivəsində hərəkət edərək, burada həyata keçirilmiş layihələr, habelə müxtəlif məsləhətlər, məhsul və ya xidmətlərdən istifadə qaydaları, yeni komanda üzvləri, korporativ nailiyyətlər və s. mövzularda məlumat yayımlanır. Belə məzmunlar şirkətin bazarda rəqiblərindən daha innovativ olması, fəaliyyəti barədə hədəf auditoriyaya xəbər verməsi, və axtarış sistemləri üzrə optimizasiyası üçün faydalıdır. Sahəniz üzrə bloq yazıları hazırlayarkən «aşağı tezlikli» açar sözlərdən istifadə etmək tövsiyə olunur. Aşağı tezlikli sözlər nadir hallarda axtarılan və məhz sizin fəaliyyət sahənizə aid sözlərə deyilir. Həmçinin, SEO-ya kömək etmək üçün, daxili keçidlərin sayını artıra bilərsiniz. Yəni, bir bloq məqaləsində digər məqalənizə də keçid verə bilərsiniz. Bu, həm oxucunu sizin bloqunuzdakı digər materiallara cəlb edir, həm də axtarış botuna yazılar arasındakı əlaqənin mövcud olmasını göstərir.

Korporativ bloq bir çox halda geniş yayılmış WordPress platforması üzərində yaradılır. Azərbaycan dilində WordPress bloq idarəetmə sistemini az.wordpress.org ünvanında pulsuz əldə etmək olar. Həmçinin, bu sistem üçün on minlərlə dizayn şablonları təqdim olunur. Məsələn, www.themeforest.net saytında korporativ bloq şablonlarını cəmi 40-55 dollar qiymətinə əldə edə bilərsiniz. Əgər bu sistem üzrə proqramlaşdırma biliklərinə sahib deyilsinizsə, xüsusi veb-proqramçılar sizə bu sahədə dəstək verə bilərlər. Siz dəstək üçün həmçinin www.marketinq.az saytına müraciət edə bilərsiniz.

CRM (Customer Relationship Management)

Müştərilərlə Münasibətlərin İdarəolunma sistemi isifarişçilərlə qarşılıqlı əlaqə strategiyasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatıdır. Sistem satışların artırılması, müştərilərlə münasibətlərin tarixçəsinin saxlanılması yolu ilə müştərilərə göstərilən xidmətin optimallaşdırması, biznes-proseslərin yaxşılaşdırılması və nəticələrin sonradan analizi üçün ən yaxşı üsuldur.

İki cür CRM-sistem mövcuddur:

  • SAAS (xidmət üçün servis)
  • Standalone (şəxsi servis)

SAAS sistemlər sayt üzərindən xidmət göstərən müxtəlif şirkətlərin xidmətlərinə aiddir. Məsələn, Siz www.terrasoft.ru, www.bitrix24.ru, www.sugester.com, www.salesforce.com, www.agilecrm.com və s. xidmətlərindən istifadə edərək, müştəri bazanızı bu sistemlər üzərində qura bilərsiniz. Bu tip xidmətin yeganə mənfi cəhəti sizin müştəri bazanızın xarici bulud serverlərdə yerləşməsidir. Əgər bazanızda xüsusi, ya da gizli bir məlumat yoxdursa, qorxusuz yerləşdirə bilərsiniz.

3Böyük şirkətlər isə CRM sistemləri böyük vendor şirkətlərə sifariş edərək və ya özləri daxili serverlərdə yerləşdirirlər.

Viral

Viral şirkət və ya şəxs haqqında məlumatın istifadəçilər tərəfindən kütləvi şəkildə sosial şəbəkələrdə yayılması və bu mövzü barədə təsirinin artması üçün yaradılan məzmun növüdür. Viral yayım sayının artımı üçün müxtəlif imkanlardan istifadə oluna bilər. Yaradılan məzmun daha çox emosional (sevgi, qürur, xatirələr, sədaqət və s.) formatda yaradılır.

Viral reklamın təqdimolunma üslubuna görə iki əsas növü mövcuddur: gizli və açıq. Aşağıda diqqətinizə hər iki növ viral reklam nümunələrini təqdim edirik.

Gizli viral marketinq nümunələri:

— Türk Hava Yolları: http://www.dailymotion.com/video/xiapwy_benimle-evlenir-misin-farkli-ve-ozel-bir-evlenme-teklifi_people

— Smule musiqi proqramı: https://www.youtube.com/watch?v=3ZWxRPE-cBM

Açıq viral marketinq nümunələri:

— Volvo: https://www.youtube.com/watch?v=M7FIvfx5J10

volvo-trucks-van-damme-video-2— WestJet Hava Yolları: https://www.youtube.com/watch?v=zIEIvi2MuEk

WestJet Christmas MiracleReal vaxt marketinqi

Real Time Marketing kimi tanınan Məzmun marketinqi növü ölkədə və ya dünyada baş verən və ən çox müzakirə edilən hadisə və məsələlərə uyğunlaşdırılaraq hazırlanır. Şirkətin belə hallarda bölüşdüyü məzmun sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə meydana gətirə bilər. Məsələn, Rusiyada keçirilən Sochi 2014 Olimpiadası vaxtı məşəl idmançının əlində sönərkən, cangüdən onu öz alışqanı ilə yandırmışdı. Bunu hər birimizin yaxşı tanıdığı Zippo şirkəti Facebook səhifəsinin üz qabığı kimi istifadə edərək, üzərinə #ZippoSavesOlympics açar sözü yazmışdı. Bununla da, Zippo alışqanlarının Olimpiya məşəlindən daha effektiv olması qeyd olundu, eyni zamanda isə sosial şəbəkə istifadəçilərinin müzakirə etdiyi hadisəyə daha bir mövzu əlavə edilmişdi. Bu məlumat qısa müddətdə bir çox böyük KİV saytlarında yer almışdı.

Zippo_Facebook_pageYerli bazarda da bu alətdən istifadə edən müxtəlif şirkətlər mövcuddur. Belə ki, 2014-cü ildə yüngül zəlzələ baş verəndə Başak Inam sığorta şirkətinin “Mənzil sığortası” reklamını, Lilac gül dükanının 2016-cı ilin ilk günlərində sosial şəbəkələrdə evlərə əlində gül olan oğruların gəlməsi barədə xəbərlərin istifadə edilməsini və digər misalları çəkmək olar.

menzillilacTərəfdaşlıq marketinqi

Bu növ marketinq (Affiliate marketing) müəyyən sayt və ya bloqlardan keçid və ya satış həyata keçirilərkən əldə edilən ikitərəfli tərəfdaşlıq texnologiyasıdır. Belə hallarda iki tərəfdaş arasında xüsusi alqoritm təqdim edən 3-cü tərəfdaş da meydana çıxa bilər. Məsələn, Google Adsense, Amazon Associates və s. xidmətlərini nümunə gətirmək olar. Böyük auditoriyaya malik veb-sayt və ya bloq öz məkanında xüsusi reklam banneri yerləşdirərək hər keçidə, qeydiyyata və ya satışa görə ödənişin müəyyən hissəsini əldə edir. Digər hissə 3-cü tərəfdaş, bu sistemi təklif edən şirkətə qalır. Reklamı verən şirkət isə ödədiyi vəsait qarşılığında istədiyi nəticəni əldə etmiş olur. Tərəfdaşlıq marketinqində Aktivliyə görə ödəniş (CPA) metodu ən sərfəli sayılır.

Rəqəmsal məkanda reklam üzrə ödəmə növləri

Rəqəmsal Marketinq Ənənəvi marketinqdən ölçülə bilinməsi ilə fərqlənir, bu isə öz növbəsində ödəniş üsullarının da fərqli olmasına gətirib çıxardır. Müxtəlif reklam platformaları aşağıdakı tarif hesablama növlərini təklif edir:

  1. Klikə görə ödəniş (CPC) — reklam məzmuna edilmiş hər klikə görə ödəniş edirsiniz.
  2. Aktivliyə görə ödəniş (CPE) — əsasən Facebook və Instagram şəbəkələrində istifadə olunan ödəniş növüdür. Bəyənmə, şərh, bölüşülmə, klikləmə və s. aktivliklərə görə ödəniş edirsiniz.
  3. Baxışa görə ödəniş (CPM) -ödəniş məbləği hər 1000 baxışa görə hesablanır. Bu növ ödəmə üslubu əsasən imic reklamı üçün istifadə edilir. Çünki belə reklamlarda adətən klik sayı az olur.
  4. Aktivliyə görə ödəniş (CPA) — bir qədər öncə qeyd etdiyimiz kimi, təyin olunmuş aktivliyə görə ödəniş edirsiniz. Aktivlik saytınıza keçid, qeydiyyatdan keçmə, abunə olma, alış-veriş edilməsi və s. kimi hərəkətlər sayıla bilər.

Rəqəmsal Marketinq növləri haqqında bu qədər. Növbəti məqaləmizdə maraqlı və kreativ Rəqəmsal Marketinq nümunələrini, müxtəlif onlayn və oflayn alətlərini birlikdə nəzərdən keçirəcəyik.

Viral Marketing

Mənbə: Wikipedia.org, Marketinq.az.

Müəllif: Fərhad Ələkbərov, Hajizade Group

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -