Cəsur səyahətçi Natan Dreyk haqqında məşhur Hollivud filmləri qədər maraqlı əhvalat Uncharted 3-də təsvir olunan hadisələrdən 3 il sonra başlayır. Bir müddətdir ki, Natan macəralarına son qoyub, axırı ki, jurnalist xanım Yelena ilə evlənib və artıq axşamlar ürəyi darıxır. Elə bu vaxt qəflətən ölmüş sayılan qardaşı peyda olur, ardınca da Latin Amerika narkomafiyası, macəraçı zənginlər, muzdlular, piratlar kralının sərvətləri, Ağıllı-kamallı Quldur Dismas adına gizli təşkilat, əfsanəvi Libertaliya… Və bütün bunlar janrın qanunlarına uyğun bir macəra əhvalatında birləşir.
Oyunun böyük hissəsində sizi müşaiyət edənlər olacaq. Əksər hallarda bu, Natanın qardaşlarıdır. Onların hər birinin özünə məxsus xarakteri, davranış tərzi var. Oyunun ilk bölmələri həqiqətən qüsursuzdur. Studiya oyunçunun hisləri ilə oynayaraq sirləri sonunadək açmağa tələsmir. İlk saatlar emosional baxımdan olduqca yüklüdür, quruluşçu iş o qədər səviyyəlidir ki, oyundan çox əla kinofilmə bənzəyir. Əkşn səhnələri məhz öz kinematoqraflığı və gözəlliyi ilə fərqlənir, elə təəssüraf yaranır ki, sanki rəvayətin hər saniyəsinə milyonlarla pul xəclənib.
Burada sizi gözləyən əsas macəra tarixin ən böyük pirat sərvətinin axtarışıdır. Bu axtarış isə sizi əfsanəvi Libertaliyaya gətirib çıxardacaq. Macəraçılıq və axtarış ruhundan həzz almağa imkan yaratmaq oyunun başdöndürən sürəti üçün azalıb. Əvvəllər koridorları saysız-hesabsız düşmənlərlə doldurub sizi tələsməyə məcbur edirdilər, indi isə vəziyyət dəyişib və sizdən diqqət və səliqə tələb olunur. Çoxmərtəbəli xarabalar, dağılmış adalar, sayı artmış lokasiyalar taktiki hərəkətlər üçün geniş sahə açır. Layihə tarixində ilk dəfədir ki, oyunçuya açıq ərazilərdə hərəkət etmək imkanı və eyni marşrutun müxtəlif keçmə variantları verilir. Bəzən nəisə nəzərdən qaçırmaq qorxusu ilə sərvətləri, itirilmiş səhifələri, ya da başqa sirləri axtararkən hər xırda nüansa diqqət yetirməyə başlayırsan. Belə hərəkət azadlığı xüsusilə ucsuz-bucaqsız Madaqaskar səhrasından həqiqi yolsuzluq maşını ilə keçərkən hiss olunur.
Oyunun bütüm mexanikaları təkmilləşdirilərək qüsursuz hala gətirilib. Qarmaq dərin uçurumların üzərindən tullanıb keçməyə, yuxarıdan düşmənlərin üstünə gözlənilmədən sıçramağa imkan verir. Divar üstünə dırmanmaq, tapmacaların cavablarını tapmaq kimi maraqlı hissələr, atışmalar və digər süjet əlavələri məharətlə bir-biri ilə əlaqələndirilib. Oyunda yaranan fasilələrdə vacib olmayan, amma personajların arasındakı əlaqələrə işıq tutan dialoqları dinləmək olar. Amma lokasiyalar arasında hərəkət edərkən dialoqları dinləmək ən maraqlı şey deyil. Oyun ümumilikdə olduqca gözəl alınıb. Qarşınıza gələn mənzərələr, hətta adi lokasiyalar öz gözəlliyi ilə nəfəs kəsir. Fotorejim isə sizin oyunda daha bir neçə saat qalmağınıza yol açır.
Tapmacalar daha rəngarəng, daha maraqlı olub. Oyunun miqyası böyüyüb. Burada həm motosiklet, avtomobil, ya da kater qovalamaları, həm də sakit araşdırmalar var. Əvvəlki bölmələrdə yadda qalan bir-iki nəfəs kəsən məqam var idi. Bu dəfə isə studiya hər kəsə öz üstünlüyünü nümayiş etdirdi. Ayrıca quruluşçu işini tərifləmək lazımdır. Oyun sizi daim həyəcan içində tutur, eyni zamanda hər mərhələ fərqli tempdə keçir. Elə ki, siz qayalara dırmanmaqdan yoruldunuz, dərhal qarşınıza atışma, ya da, misal üçün, şüanın linzadan keçib istiqamətini hara dəyişdirəcəyi haqqında tapmaca çıxır. Tapmaca əslində o qədər də çətin olmaya bilər, onu on dəqiqəyə həll edəcəksiniz. Amma bu on dəqiqə yetər ki, siz öz zəkanıza heyran qalıb özünüzü İndiana Cons hiss edəsiniz.
Oyunun final hissəsi həqiqətən yadda qalandır və Natan Dreyk haqqında hekayənin layiqli sonu sayıla bilər. Bütün insan arzularının cövhərini açıb göstərən bu finalda hər şey var: dinamika, rəngarəng simalar, qəddar adamlar, qatma-qarışıq süjet və baş döndərən əkşn səhnələr. Bütün bunları hamıdan çox oyunun fanatları bəyənəcəklər. Lakin son titrləri oxuyarkən onlar sözsüz ki, məyus olacaqlar.
- Platforma: PlayStation 4
- Nəşriyyatçı: Sony Computer Entertainment
- Yaradıcı heyət: Naughty Dog
- Oyunun rəsmi saytı: www.unchartedthegame.com
- Buraxılış: 10 may 2016
- Janr: Şuter
- Yaş həddi: 16+