spot_img
22 ноября, 2024
ДомойSoftwareИгры«Apotheon»: Qədim Yunanıstanda insanlar və tanrılar arasında baş verən müharibə

«Apotheon»: Qədim Yunanıstanda insanlar və tanrılar arasında baş verən müharibə

«Apotheon» son vaxtlar xüsusilə müstəqil oyun istehsalçıları arasında populyarlıq qazanan çox maraqlı bir janra aiddir. İlk baxışda «Apotheon» ikiölçülü, amma səviyyələri geniş əhatəli, araşdırmalara açıq olan bir oyun təssüratı bağışlayır. Hadisələr irəlilədikçə baş qəhrəman əvvəllər girə bilmədiyi ucqar yerlərə daxil ola bilir, daha təhlükəli düşmənlərə qarşı mübarizə aparmaq bacarığı qazanır.

Apotheon_5

«Apotheon»-un süjeti qədim Yunan mifologiyası, Olimp tanrıları ilə insanlar arasındakı bitməyən ədavət mövzusu üzərində qurulub. Növbəti dəfə ölümlülərə qəzəblənən Zevs bütün tanrılara öz vəzifələrini yerinə yetirməyi qadağan edir, bununla da bəşəriyyəti addım-addım ölümə aparan yola məhkum edir. Tarlalarda buğda cücərmir, meşələrdən ov heyvanları yox olub, hətta Günəş belə insanlardan üzünü döndərib.

Apotheon_1

Düzdür, insanlar da özlərini heç də layiqli şəkildə aparmırlar. Onlar düşünürlər ki, tanrıların olmadığı bir mühitdə istədiklərini törədə bilərlər. Bəziləri quldurluğa əl atıblar. Bəlkə də məhz buna görə oyun quldur ordusuna qarşı döyüşlə başlayır. Nikandreos adlı baş qəhrəman doğma kəndini basqınlara qarşı müdafiə edir. Döyüşdən sonra isə o, Zevsin arvadı Gera ilə üz üzə gəlir. Gera Nikandreosdan iki çıxış yolundan birini seçməsini: ya təslim olub acından ölməyi, ya da Olimpə qalxıb tanrılara meydan oxumağı təklif edir.

Apotheon_2

Bundan sonra Olimpdə cərəyan edən hadisələr «Apotheon»-un dizayn səviyyələrinin ən güclü tərəflərini üzə çıxardır. Belə ki, baş qəhrəman ölülər aləminin gözgözü görməyən zülmət qaranlığında ya məşəli əlindən yerə qoymamalı, ya da zülməti bir müddətlik açan eleksirləri tapıb onlardan istifadə etməlidir. Artemidanın məskəni təhlükəli yırtıcılarla doludur, yaxınlıqdakı bataqlıqda isə əjdəha yuva qurub. Apollonun saray keşikçiləri onlara yaralanmazlıq qazandıran xüsusi mehrabların ətrafında toplaşıblar, Poseydonun diyarı isə bir-birindən ayrı çoxsaylı yerlərdən ibarətdir. Bu yerlərin birindən o birinə getmək üçün gəmiyə minmək, bəzən də su altından, yırtıcı akula və əlçəkməz su pərilərdən yaxanı qurtara-qurtara keçmək lazım gəlir. Hər bir yeni səviyyədə əsl sürpriz gizlənir. Finala doğru yaxınlaşdıqca oyun daha gözlənilməz, daha maraqlı hal alır.

Apotheon_3

Yaradıcılar həm sadə, həm də müəyyən bacarıq tələb edən döyüş sistemini olduqca yaxşı hazırlayıblar. Nikandreosun sərəncamında qılınc, mizraq, ox və yay kimi bir neçə növ silah var. Lakin eyni silahdan sonsuz istifadə etmək olmaz, çünki hər silahın müəyyən istismar müddəti var və o müddət başa çatanda silah əlinizdə sınıb dağılacaq. Buna görə də əvvəlcədə bütün silah növlərindən istifadə etməyi öyrənmək vacibdir.

Apotheon_4

«Apotheon»-un daha bir şübhəsiz üstünlüyü onun vizual dizaynındadır. Oyundakı bütün səhnələr sanki qədim Yunan amforasının üstündəki rəsmlərdən götürülüb. Üslub xüsusiyyətləri son dərəcə ustalıqla əks etdirilib, ilk baxışda sadə görünən səhnələrdəki çoxsaylı xırda təfərrüatlar onları daha da canlı göstərir.

Apotheon_6

Təəssüf ki, bu oyunda da proqram səhvləri aşkar olunub. Misal üçün, yeraltı aləmdəki mağaraların birində qəhrəmanımız daş ilə divar arasında sıxışıb qala bilər. Bəzən oyun boyu topladığınız müxtəlif gizli yerlərin açarları avadanlıq dəstinizdən birdən-birə yox ola bilər. Etiraf edək ki, belə səhflər, nə qədər kiçik olursa olsun, oyunun yaratdığı təəssüratı korlayır. Buna baxmayaraq oyunu başdan sonuna qədər keçmək mümkündür. Həmçinin, «Apotheon» o qədər keyfiyyətli və maraqlı hazırlanıb ki, oyunçu belə xırda qüsurlara fikir vermək istəmir. Doğrudan da «Apotheon» mükəmməl döyüş sisteminə malik, əla dizaynlı, əyləncəli, özünəməxsus bir oyundur. Əmin olun ki, Nikandreosla birgə keçirəcəyiniz vaxtın necə ötüb getdiyini hiss etməyəcəksiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -