spot_img
22 ноября, 2024
ДомойSoftwareИгрыOyun icmalı: «Life is Strange» («Həyat qəribədir»)

Oyun icmalı: «Life is Strange» («Həyat qəribədir»)

«Remember Me» yaradıcılarının təqdim etdiyi yeni oyunda siz iki personaj ilə: Maks Kolfild və onun rəfiqəsi Kloui Prays ilə tanış olacaqsınız. Oyun sərgüzəşti Oreqon ştatının uydurma Arkadiya Bey şəhərində baş verəcək. Şəhəri beş il əvvəl tərk edən Maks yenidən ora qayıtdıqdan sonra birdən-birə özündə fövqəladə istedad kəşf edir. Artıq o, zamanı geriyə çevirə bilir. Bu bacarığından faydalanıb gənc qız öz rəfiqəsi Klouini ölümdən qurtaracaq, üstəlik, başqa bir rəfiqəsinin — Reyçel Emberin əsrarəngiz şəkildə ortadan yox olmasının səbəbini tapmağa çalışacaq.

Life_is_Strange_4

Deməli, gənc qız doğma şəhərə qayıdıb nüfuzlu Blekuell akademiyasına daxil olur və orada fotoqrafiya sənətinə yiyələnməyə başlayır. Maks heç vaxt öz köhnə «Polaroid» fotokamerasını əlindən yerə qoymur və gözünə maraqlı, ya da qeyri-adi görünən hər şeyin fotoşəklini çəkir. Oyun əsnasında siz onun bu və ya digər hadisələr, obyektlər, ya da şəxslər barədə nə düşündüyünü «eşidəcəksiniz», bununla da baş qəhrəmanı daha yaxşı anlayacaq, onun dünya görüşü ilə yaxından tanış olacaqsınız.

Life_is_Strange_1

Oyunda elit tələbə klublarına, xuliqanlara və «botaniklər»ə, təbii fəlakətlərə, habelə xəyanət, əsl dostluq, ata-övlad problemləri hallarına bol-bol rast gələcəksiniz. Hadisələr elə əyləncəli, elə gözlənilməz cərəyan edir ki, oyunu yarıda qoymaq mümkün olmur. Mistika və fövqəltəbii hadisələr isə gənclərin adi görünən həyat axışına xüsusi rəng qatır. Qəhrəmanın bu və ya digər vəziyyətdə nə edəcəyinə, hansı addım atacağına dair qərarı siz verə bilərsiniz. Misal üçün, qəhrəmanımız bir tələbənin Akademiya binasına gizli olaraq odlu silah gətirdiyini direktora şikayət etsinmi, yoxsa vəziyyəti özü araşdırsın? Eyni skamyada oturduğu sinif yoldaşına onun başına üç tam onda beş saniyə sonra futbol topunun çarpacağı barədə xəbərdarlıq edib onu zərbədən qorunmasına kömək etsinmi, yoxsa vəziyyətə qarışmasın? Bu istedadı xeyirxahlıq üçün, amma eyni zamanda bir o qədər də şəxsi mənfəətiniz üçün istifadə edə bilərsiniz. Məsələn, əgər mühazirə vaxtı müəllim sizə bir sual verir, siz isə cavabı bilmirsinizsə, onda başqa tələbənin doğrü cavabını dinlədikdən sonra vaxtı geriyə çevirib əla qiymət ala bilərsiniz. Lakin unutmayın ki, bu və ya digər hərəkəti edərkən çox diqqətli olmaq lazımdır, çünki oyunun növbəti hadisələri bilavasitə sizin qəbul etdiyiniz qərarlardan asılı olacaq.

Life_is_Strange_2

Baş qəhrəmanımızın şəxsi gündəliyi var və o, həmin gündəliyə qeydlərini yazır, fotoşəkil və mətbuatdan kəsib çıxatrdığı xəbərləri əlavə edir. Oyunun hər hansı personajı barədə daha ətraflı məlumat əldə etmək istəsəniz həmin gündəliyə baxın. Burada bir çox suala cavab tapa biləcəksiniz. Maksın smartfonu da var. Onun vasitəsilə Maks başqa şəhərdə yaşayan valideynləri ilə, habelə sinif yoldaşları və dostları ilə yazışır. Gələn SMS-lərə hərdənbir nəzər salın, son xəbərlər haqqında məlumat alın ki, mühüm hadisələri qaçırmayasınız.

Life_is_Strange_3

Oyunun isti rəng palıtrası, günəşli ab-havası var. Rəssamlar mühitə və ətrafdakı xırdalıqlara böyük diqqət yetiriblər. Oyunda o qədər interaktiv obyekt var ki, virtual çevrənizin bütün detalları ilə yaxından tanış olmaq üçün olduqca çox vaxt sərf edəcəksiniz. Oyunun inanılmaz saundtrekini də qeyd etməmək olmaz. Olduqca xoş, qətiyyən zəhlə tökməyən müsiqi gözəl vokal və akustik bəstələmələrlə müşayiət olunur. Oyunun yeganə nöqsanı onun epizodik strukturudur. Planlaşdırılmış beş epizodun hələ ki yalnız birincisi buraxılıb. Qalanları isə il ərzində tədricən təqdim olunacaq. Buna görə də səbr etmək gərəkəcək, çünki ilk epizodu 3-4 saat ərzində keçdikdən sonra sonrakını bir neçə ay gözləməli olacaqsınız. Maksın başına gələnlərin hamısını öyrənmək üçün başqa yol isə yoxdur.

Life_is_Strange_5

  • Oyunun janrı: Adventure
  • Hazırlayanlar: DONTNOD Entertainment
  • Nəşr edən: Square Enix
  • Platformalar: PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, PC
  • Çıxış tarixi: 30 yanvar 2015
  • Yaş həddi: 16+
  • Oyunun rəsmi saytı: www.lifeisstrange.com

Tövsiyyə edilən sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 7/8/8.1 (64bit);
  • Prosessor: Intel Core i5-750 2,66 GHz / AMD Phenom II X4 940 3,0 GHz və daha üstü;
  • Əməli yaddaş: 2 Gb;
  • Videokart: NVIDIA GeForce GTX 260/Radeon HD 4890 və daha üstü;
  • 3 Gb boş yaddaş.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -