Yanvar ayının 6-9 tarixlərində Las-Veqas şəhərində «International Consumer Electronics Show 2015», qısa adı ilə CES 2015 sərgisi keçirildi. Bu sərgi ilk dəfə 1967-ci ildə Nyu-Yorkda keçirilmişdi. Daha sonra, 1978-ci ildən 1994-ci ilədək sərgi ildə iki dəfə: yanvar ayında Las-Veqasda, iyunda isə Çikaqoda keçirilirdi. 1995-ci ildən başlayaraq sərgi yalnız Las-Veqasda keçirilir.
Texnologiyalara maraq artdıqca CES sərgisinin əhəmiyyəti də artır. Bir çox şirkətlər öz məhsullarını məhz burada sərgiləmək istəyir. «Intel», «Microsoft», «LG», «Panasonic», «ASUS», «Samsung», «Sony», «Toshiba» kimi şirkətlərin iştirakı, eləcə də böyük ziyarətçi axını sərginin nə qədər əhəmiyyətli olduğunu göstərir. Keçmişdə «Apple» şirkəti də CES-də iştirak edirdi, lakin daha sonra Stiv Cobs bu sərgidə iştirak etməkdən imtina etmişdi.
«Ağıllı saatlar»
CES 2014-ün əsas mövzusunun «Ağıllı saatlar» olduğuna baxmayaraq bu məhsul geniş rəğbət qazana bilmədi. «Ağıllı saatlar»ın adi saatdan çox smartfonun kiçik variantına bənzəməsi bu uğursuzluğun əsas səbəblərindən biri kimi göstərilir.
CES 2015-də vəziyyət köklü şəkildə dəyişdi. Bu dəfə «Ağıllı saatlar» adi qol saatlarına bənzəyən formada təqdim olundu. Nəticədə «Ağıllı saatlar» böyük uğur və rəğbət qazana bildi. Ən çox diqqət cəlb edən saat «Swatch» şirkətinin «Original» kolleksiyasının saatına bənzəyən «Withings Active Pop» oldu. Bu saat Bluetooth vasitəsi ilə telefona qoşulub fitnes-treker funksiyasını yerinə yetirə bilir. Bir batareyanın həcmi 8 ay aktiv istifadə müddəti üçün yetərlidir. Saatın qiyməti olduqca əlçatandır: cəmi 150 dollar. Amma bu əlçatan qiymət sadəcə «Withings Active Pop» saatına xas deyil. Eyni qiymətə «Alcatel» şirkəti də «OneTouch Watch» saatını təqdim etdi. Bu saat suburaxmaz korpus, güclü batareya (5 gün istifadə müddəti) və 1.22 düymlük dairəvi ekranla təchiz olunub. Başlanğıc üçün “OneTouch Watch” 3 rəngdə təqdim edilib, lakin qeyd olunur ki, gələcəkdə rəng seçimi arta bilər. Böyük marağa səbəb olan saatlardan biri də «LG» və «Audi» şirkətlərinin birgə məhsulu olmuşdur. Bu saat «WebOS» əməliyyat sistemi ilə təchiz olunub. Əsl klassik dizayna malik olan bu saat təəssüf ki, hələlik prototip şəklində təqdim edilib və yaxın gələcəkdə satışa çıxarılması gözlənilmir.
Avtomobillər
Avtomobil istehsalçıları arasında ən çox «Mersedes-Benz» şirkətinin stendi diqqət cəlb edirdi. «Mersedes-Benz» sərgiyə öz yeni futuristik «F-015» avtomobilini gətirdi. Avtomobilin əsas konsepsiyası yorucu iş günündən sonra insanın burada özünü tam rahat hiss edib dincələ bilməsi üzərində qurulub. Avtomobil tam rejimdə sürücüsüz hərəkət edə bilər. Oturacaqların üzbəüz yerləşdirilməsi avtomobil sahibi ilə sərnişinlər arasında rahat ünsiyyəti təmin edir. Şirkət öz «F-015» avtomobilini evin yolunu bilən təlim edilmiş atlara bənzədir. «Mersedes-Benz» standartlarına sadiq qalaraq avtomobil bütün təhlükəsizlik sistemləri ilə təchiz olunub, odur ki, avtomobil sahibi təhlükəsizlikdən tam əmin ola bilər.
«BMW» isə CES 2015-də öz «i3» elektrokarını təqdim etdi. Bu kiçik maşının hər tərəfi sensorlarla təchiz edilib, bu səbəbdən onun qəzaya uğraması demək olar ki, qeyri mümkündür. Maşın əvvəlcə sürücüyə təhlükə barədə xəbər verir. Sürücü tədbir görmədikdə avtomobil özü özünü idarə edərək vəziyyətə görə ya sürəti azaldır, ya da hərəkəti dayandırır. Avtomobil eləcə də sürücünün iştirakı olmadan özü dayanacaq yeri axtarıb tapa bilir və bundan sonra sahibinin mobil telefonuna və ya «ağıllı saatına» dayandığı yer haqqında məlumat göndərir. Müvafiq olaraq sürücü mobil telefon və ya «ağıllı saat» vasitəsi ilə avtomobili dayanacaqdan öz yanına çağıra bilər.
Dronlar
Dronlar qısa müddət ərzində böyük rəğbət qazanmışdır. Ekspertlər qeyd edirlər ki, 2015-ci ildə dronların satışında 50%-lik artım gözlənilir və bu artım dayanmadan davam edəcək. Sərgidə 100-dən çox müxtəlif dron və multikopterlər nümayiş olundu. Artıq dronlar sadəcə oyuncaq kimi deyil, əksinə, tətbiqi məqsədlərlə, o cümlədən, çəkiliş, hərbi, elmi-araşdırma və s. məqsədlərlə istifadə olunur.
Professional dronlar arasında yadda qalanlardan biri 11 kq-dək yük daşıya bilən «DJI S1000+» dronudur. Bu qədər ağırlıq qaldırma imkanına sahib olan dron ağır professional kameranın havaya qaldırılması üçün istifadə oluna bilər. Sərgidə həmçinin kiçik mikrodronlar təqdim olundu. Bunların arasında xüsusilə «Zano» kvadrokopteri fərqlənir. Çəkisi cəmi 55 qram və ölçüləri 65×65 mm olan bu dron 5 meqapiksellik optik stabilləşdiricili kamera ilv təchiz olunub. Kiçik ölçülərinə baxmayaraq həmin dron ağıllı sistəmlərlə təchiz olunub. Smartfon vasitəsi ilə idarə olunan «Zano» sahibini sərbəst şəkildə müşahidə edə bilir. Böyük dronlar kimi bu kvadrokopter də sahibindən üzaqlaşdıqda sistem uçuş trayektoriyasını dəyişdirib onu sahibinin siqnal zonasına geri qaytarır. Bu balaca, iyun ayından etibarən 150 dollara satışa çıxarılacaq. Sərgidə «Zano» kopterinə bənzəyən «Nixie» dronu da nümayiş olundu. Bu dron istifadəçinin qoluna yerləşdirilir və istənilən vaxt uçub onun fotoşəkilini çəkir, sonra geri dönüb təkrar qoluna qonur. «Selfie» həvəskarları əlbəttə ki, bu dronun əsas istifadəçiləri kimi görsənirlər. Ən cəlb edici isə «Maxaero» şirkətinin dronu idi. Avtomatik intellektual sistemlərlə təchiz olunmuş bu dronlar tam avtonom şəkildə uçuşlar həyata keçirə bildiklərini göstərdi.
Mobil cihazlar
Ziyarətçilərin böyük hissəsi CES 2015 sərgisinə yeganə məqsədlə: yeni mobil telefonlara baxmaq üçün gəlmişdilər. Həmişə olduğu kimi nümayiş etdirilən telefonların sayı çox idi. Telefon istehsalı sahəsində yeniliklərin bu dəfə nisbətən az olması CES ziyarətçilərini məyus etdi. Lakin elə buna görə də sərgiyə çıxarılan hər bir yenilik hamının diqqətini cəlb edirdi. Bu ilki CES sərgisində ən böyük marağa səbəb olan smartfon «LG G Flex 2» oldu.
«LG G Flex 2» 5,5-düymlük Full HD ekran, Qualcomm Snapdragon 810 prosessor, 2 Gb əməli yaddaş və özünü bərpa edən plastiklə təchiz olunub. Belə plastik əvvəlki «G Flex» smartfonunda da tətbiq olunmuşdu, lakin əvvəlki smartfonda özünü bərpaetmə prosesi 3 dəqiqə çəkirdisə, indikində həmin proses cəmi 10 saniyə çəkir. Smartfonun ekranı isə əvvəlki «G Flex»-dəki kimi əyilmış formadadır.
Smartfonlar mövzusuna toxunmuşkən «Asus ZenFone 2» modelindən yan keçmək mümkün deyil. Artıq «ZenFone» adi smartfon deyil, dünyada 4 Gb əməli yaddaşa malik olan ilk smartfondur. «Asus» şirkəti bu telefonu 5,5 düymlük Full HD İPS+ displey, 13 meqapikselli kamera və Intel Atom Z3580 prosessorla təchiz edib. «ZenFone 2» smatfonu 3000 mAh həcmli batareyası ilə 1 gün aktiv istifadə imkanı yaradır. Ən maraqlısı isə «ZenFone 2»-nin qiymətidir. Telefonun qiyməti kontraktsız olmaqla cəmi 200 dollar olacaq. 2015-ci il ərzində «Asus» şirkəti 20 million «ZenFone» smartfonu satmaq niyyətindədir.
«Asus» foto həvəskarlarını da yaddan çıxartmayıb. Onlar üçün «Asus» sərgidə «ZenFone Zoom» smartfonunu təqdim etdi. Tərkib baxımından «ZenFone 2» ilə eyni olan bu smartfon əlavə olaraq 3 qatlıq optik «zoom» (yaxınlaşdırma) ilə təchiz olunub. Bunun sayəsində «Asus» şirkəti «Microsoft» («Nokia») və «Samsung» şirkətlərinin fotoflaqmanları ilə rəqabətə çıxa bilər. Lakin 3 qatlıq «zoom» istifadəçilərə əlavə 200 dollara başa gələcək, beləliklə də smartfonun ümumi qiyməti 400 dollar təşkil edəcək.
«Samsung» şirkəti də CES 2015 sərgisində maraqlı məhsullar təqdim etdi. Bu ilki sərgidə «Samsung» yeni «Galaxy E5» və «Galaxy E7» smartfonlarını nümayiş etdirdi. Bu telefonlar «Galaxy A5» və «Galaxy A7» smartfonlarına həm dizaynı ilə, həm də texniki təchizatı ilə bənzəyir. Lakin «E» seriyasını fərqləndirən cəhət plastik korpusdur. Bunun sayəsində «E» seriyasının qiyməti «A» seriyasına nisbətən aşağı düşdü. Texniki təchizat baxımından «Samsung» yenilik gətirmədi: «E5» smartfonu 1280х720 nöqtəlik 5 düymlük displeyə, 4 nüvəli 1,2 GHz-lı Snapdragon 410 prosessoruna,1,5 Gb əməli və 16 Gb saxlama yaddaşına, 8 meqapiksellik əsas və 5 meqapiksellik frontal kameralarına sahibdir. Öz növbəsində «E7» smartfonu seriyanın flaqmanı olaraq «E5» smartfonuna nisbətən daha böyük ölçülərlə, o cümlədən, 5,5 düymlük displey, 13 meqapiksellik əsas kamera və 2 Gb-lıq əməli yaddaşla fərqlənir. «E5» 305 dollara, «E7» isə 360 dollara satılacaq.
Planşetlər arasında daha çox «Dell» şirkətinin «Venue 8 7000» modeli diqqət cəlb edə bildi. Çəkisi cəmi 300 qram olan, 2560х1600 nöqtəlik, 8,4 düymlük OLED displey ilə təchiz olunmuş bu planşet cəmi 6mm qalınlıqdadır. Adətən nazik smartfon və planşetlər bir çox funksiyalara və ya böyük həcmli batareyaya sahib olmaqdan məhrum qalır. Lakin «Venue 8 7000» 2,33 GHz-li Intel Atom Z3580 prosessoruna, 2 Gb əməli və 16 Gb daxili yaddaşa malikdir. Nazik olmasına baxmayaraq planşetin hətta MicroSD üçün slotu da var. Android 4.4 KitKat ilə təchiz olunmuş planşet ABŞ ərazisində satışa cəmi 400 dollara çıxarılacaq.
Audiopleyerlər
Son bir neçə il ərzində CES sərgisində audiopleyerlər demək olar ki, sərgilənmirdi. Lakin bu dəfə «Sony» şirkətinin «Walkman» audiopleyerinin qayıdışı bu bazarı yenidən canlandıra bilər. Qayıdış isə «NW-ZX2» modeli ilə həyata keçirildi. Bu modeldə səs qulaqcıqlara LDAC formatı ilə Bluetooth 4.0 ilə müqayisədə 3 qat daha keyfiyyətli ötürülür. «Walkman NW-ZX2» müxtəlif formatları, o cümlədən, MP3, WMA, AAC, WAV, hətta «ağır» FLAC, Apple Lossless и AIFF. və s. formatları dəstəkləyir. Rəqəmsal «Master HX» səs gücləndiricisi musiqini təmiz və təhrifsiz səsləndirməyə imkan verir. Android 4.2 Jelly Bean, 128 Gb daxili yaddaş, Wi-fi, 60 saatadək musiqi dinləməyə imkan verən güclü akkumulyatora sahib olan bu audiopleyer yazda satışa 1500 dollarlıq qiymətlə çıxarılacaq. CES 2015 sərgisində məşhur musiqiçi Nil Yanq tərəfindən yaradılan populyar «Pono Player» də nümayiş etdirilib. «Walkman NW-ZX2» modelinə yaxın funksiyalara malik, eyni zamanda daha ucuz olan bu audiopleyer yaxın zamanda satışa çıxarılacaq.
Ev cihazları
Yaxın keçmişdə 3D funksiyalı televizorlar mağaza rəflərində çox qalmadan dərhal alınırdı. Amma TV industriyasında yenilik yaradan bu texnologiya bu gün artıq «dəbdən düşüb».
«Sony» şirkəti CES 2015 sərgisində gələcəyin televizoru olaraq gördüyü məhsulunu təqdim etdi. 75 düymlük yeni televizorun korpusu «iPhone 6» smartfonunun korpusundan da nazikdir. Bu televizor artıq şirkətin standartına çevrilmiş 4K və UHD formatları göstərmək imkanına, eləcə də IMAX kinoteatrlarında kimi əyilmiş formada displeyə sahibdir. «Samsung» və «LG» şirkətləri də hər biri öz əməliyyat sistemləri əsasında işləyən bənzər televizorlar təqdim edib: «Samsung» şirkətinin modeli «TizenOS», «LG» şirkətinin televizoru isə «HP» şirkətindən əldə edilən «WebOS» əməliyyat sistemi ilə təchiz olunub. Burada maraqlı bir fakt qeyd etmək lazımdır: «Google»-ın «Android» əməliyyat sistemi heç bir böyük şirkətin yeni televizor modellərində tətbiq olunmayıb.
Ev məişət texnikası qismində «LG» şirkəti sərgidə təqdim etdiyi «Twin Wash» paltaryuyan maşını ilə yadda qaldı. «Twin Wash» xarıcı görünüşdən adı paltaryuyana oxşasa da, onun alt hissəsində ikinci paltaryuma kamerası yerləşdirilib. Bu o deməkdir ki, istifadəçi 2 ayrı rejimdə 2 ayrı paltar yığını yuya bilər. Amma «Kube» soyuducuları bundan da maraqlıdır. Bluetooth vasitəsi ilə səs dinamiklərinə qoşulan bu soyuducunu… musıqı mərkəzi kimi istifadə etmək olar!
Geyilən cihazlar
Geyilən cihaz istehsalçıları çalışırlar ki, bütün yeni məhsullar mümkün qədər kiçik ölçüdə olsun və istifadəçiyə narahatlıq verməsin. Bu ilki CES 2015 sərgisində belə bir cihazların sayı həqiqətən çox idi.
«Bragi» şirkəti sərgidə «The Dash» qulaqcıqlarını təqdim etdi. Bu qulaqcıqlar, sensor vasitəsi ilə idarə edilib fitnes-treker funksiyasını yerinə yetirir. 4 Gb yaddaşlı həmin qulaqcıqlar həm musiqi dinləmək, həm də fitnes üçün istifadə oluna bilər. Daha bir yeniliyi «NeuroMetrix» nümayiş etdirdi. Şirkət xroniki ağrılardan əziyyət çəkən insanlar üçün xüsusi sarğı təqdim edib. Sarğı ağrını invazivsiz stimulyasiya yolu ilə azaldır və xüsusi sensorlar vasitəsilə xəstənin vəziyyətinə nəzarət edir. Sərgidə «Ağıllı» «Belty» kəməri xüsusi marağa səbəb oldu. Bu kəmər Bluetooth ilə smartfona qoşulur və istifadəçiyə vibrasiya vasitəsilə müxtəlif məlumatlar ötürür. Bu kəmərin əsas funksiyası yemək vaxtı kəmərin sıxlığının istifadəçinin qarnının formasına uyğun olaraq tənzimləməsindən ibarətdir.
3D-printerər
3D-printerlər CES 2015 sərgisində çox sayda olsa da, demək olar ki, bu sahədə heç bir yenilik təqdim olunmadı. Bir-birindən fərqlənməyən stendlər, eyni tipli təkliflər və s. ziyarətçilərin 3D-printerlərə olan marağını xeyli azaltdı. Sərgidə digərlərindən fərqli sadəcə bir 3D-printer vardı. Söhbət «CocoJet» şokolad printerindən gedir. «CocoJet» iki şirkətin: Amerikanın «Hershey» şokolad fabrikasının və «3D Systems» şirkətinin məhsuludur. «CocoJet» 3 növ şokoladla işləyir: ağ, qara və südlü. İstifadəçi istənilən fiquru proqram vasitəsi ilə yükləyib 15 dəqiqə ərzində şokoladla çap edilmiş məhsulu təhvil ala biləcək. Lakin «CocoJet» eyni anda yalnız bir növ şokoladla işləyə bilər, yəni şokolad növlərini qarışdırıb mürəkkəb tərkibli forma çap etmə imkanına malik deyil.
İstehsalçılar qeyd edirlər ki, sərgidə «CocoJet»-in prototip versiyası nümayiş olunub və tam versiyanın hazırlanması ilin sonunadək həyata keçirilməlidir.
Ümumi qiymətləndirmə
CES 2015 sərgisi bu günə kimi keçirilmiş bütün CES sərgilər arasında ən çox ziyarətçi və iştirakçı qəbul edən sərgi oldu. Bəziləri bu sərgidə əvvəlkilərə nisbətən innovativ məhsulların az olduğunu bəhanə edərək onun maraqsız keçdiyini desələr də, CES, şübhəsiz ki, beynəlxalq elektronika məhsulları sərgiləri arasında zirvədəki yerini inamla qoruyur.