CASPEL olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və MEXT – Türkiyənin sənaye və texnoloji transformasiya sahəsində ixtisaslaşmış mərkəzi ilə birgə “Sənaye 4.0 Hazırlıq” Proqramına start verdik.
Bu proqram çərçivəsində 15 yerli sənaye müəssisəsinin Texnoloji Transformasiya imkanları və Dayanıqlı İnkişaf səviyyələri beynəlxalq metodologiyalar əsasında yerli və xarici ekspertlər tərəfindən qiymətləndiriləcək. Hər bir müəssisə üçün texnoloji transformasiya üzrə fərdi yol xəritəsi hazırlanacaq, bu xəritə müəssisələrin rəqəmsal çevikliyinin, innovasiya potensialının və dayanıqlılıq göstəricilərinin yüksəldilməsinə xidmət edəcək.
Proqram, texnoloji transformasiyanın bütün mərhələlərini – proseslərin rəqəmsallaşdırılmasını, istehsalın optimallaşdırılmasını, avtomatlaşdırma və məlumat analitikası sistemlərinin tətbiqini, həmçinin süni intellekt və IoT (əşyaların interneti) kimi qabaqcıl texnologiyaların sənaye mühitinə inteqrasiyasını əhatə edir. Məqsəd müəssisələrin səmərəliliyini artırmaqla yanaşı, onları qlobal bazarda daha rəqabətli etməkdir.
Eyni zamanda proqram, təkcə texnoloji transformasiyanın deyil, həm də ESG (Ətraf Mühit, Sosial Məsuliyyət və Korporativ İdarəetmə) prinsiplərinin sənaye idarəetməsinə inteqrasiyasını təşviq edir. Bu yanaşma müəssisələrdə resurs səmərəliliyinin artırılması, enerji və tullantı idarəetməsinin optimallaşdırılması, daha şəffaf və məsuliyyətli idarəetmə mədəniyyətinin formalaşdırılması, eləcə də əmək mühitinin sosial rifah prinsiplərinə uyğunlaşdırılması kimi sahələri əhatə edir.

Bu təşəbbüs ölkəmizdə sənaye müəssisələrinin rəqəmsallaşma səviyyəsini artırmaq, texnoloji transformasiyanı sürətləndirmək, ESG yanaşmasını təşviq etmək və dayanıqlı sənaye ekosisteminin formalaşmasına töhfə vermək məqsədi daşıyır.
CASPEL olaraq ölkəmizin rəqəmsal iqtisadiyyatı naminə Sənaye 4.0 və texnoloji transformasiya proseslərini dəstəkləməkdən qürur duyuruq!





