Apple App Store-un veb versiyasını yeniləyib — artıq sadəcə tətbiqlərin önizləməsi deyil, Google Play-in veb versiyasını xatırladan axtarış sistemli tam bir sayt təqdim olunur.
Yeni veb versiya iPhone, iPad, Mac, Apple Watch və Apple TV üçün oyun və tətbiqləri əhatə edir. Saytın hansı platforma üçün məzmun göstərəcəyini istifadəçi səhifənin sol yuxarı hissəsində seçə bilər. Bundan sonra App Store-un mobil versiyasındakı kimi kateqoriyalara bölünmüş, axtarış imkanı olan tam kataloq açılır.
Mağazanın əsas səhifəsi “Today” adlanır — burada Apple-ın müxtəlif oyun və tətbiq kateqoriyalarında verdiyi tövsiyələr toplanıb. Məsələn, bir oyun seçdikdə, təsvirini oxumaq, rəylərlə tanış olmaq, ölçüsünü görmək, video və ekran görüntülərinə baxmaq, oxşar layihələrin siyahısını və digər məlumatları əldə etmək mümkündür.
App Store-un veb versiyasına bu ünvandan daxil olmaq olar: apps.apple.com





