OPPO gündəlik sağlamlıq monitorinqi və idman məşqləri üçün nəzərdə tutulan yeni Watch 5 ağıllı saatını təqdim edib. Yenilik cəmi 9,2 mm qalınlığında düzbucaqlı korpusa malikdir. Kəmərsiz çəkisi isə cəmi 25 qram təşkil edir.
Saat 390 × 450 piksel təsvir ölçülü, 60 Hz yenilənmə tezliyinə malik 1,85 düymlük AMOLED ekranla təchiz olunub. Ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb və 1500 nit pik parlaqlıq səviyyəsinə çatır. Bu göstərici hətta birbaşa günəş işığı altında da ekrandakı məlumatların rahat oxunmasını təmin edir.
Cihaz ColorOS Watch 17 əməliyyat sistemi ilə işləyir və daxili Xiaobu səsli köməkçisinə malikdir. Naqilsiz bağlantı və naviqasiya üçün Bluetooth 5.2, GPS qəbuledicisi və NFC çipi nəzərdə tutulub. NFC vasitəsilə AliPay və WeChat Pay ödəniş xidmətlərindən istifadə edərək təmassız ödəniş etmək mümkündür.
OPPO Watch 5 ürək döyüntüsünü, qandakı oksigen səviyyəsini və dəri temperaturunu gün ərzində fasiləsiz izləyə bilir. Bundan əlavə, yuxunun keyfiyyətini və stress səviyyəsini təhlil edir. Aktiv həyat tərzi keçirən istifadəçilər üçün 100-dən çox idman rejimi təqdim olunur.
Ağıllı saat IP68 və IP69 standartlarına uyğun olaraq toza və suya qarşı qorunur. 5 ATM suya davamlılıq göstəricisi isə cihazdan hovuzda üzərkən də istifadə etməyə imkan verir. Avtonom işləmə müddətinə 351 mAh tutumlu batareya cavabdehdir. İstehsalçının məlumatına görə, saat bir dəfə şarj doldurmaqla 7 günədək işləyə bilir.
Çində OPPO Watch 5-ın qiyməti 150 dollar təşkil edir. Alıcılara gümüşü və boz korpus rəngləri, həmçinin beş fərqli rəngdə kəmər seçimi təklif olunur.











