Texnologiya nəhəngi Nvidia-nın rəhbəri və həmtəsisçisi Censen Huang şəxsi həyatı ilə bağlı qalmaqalın mərkəzinə düşüb. Şirkət rəhbərinin həyat yoldaşına xəyanət etdiyini açıq şəkildə etiraf etməsi genişmiqyaslı daxili araşdırmaya və ABŞ xüsusi xidmət orqanlarının yoxlamasına səbəb olub.
Huang noyabrın 8-də şirkət əməkdaşlarına ünvanladığı rəsmi məktubda həyat yoldaşına və övladlarına yaşatdığı ağrıya görə bütün məsuliyyəti üzərinə götürüb və ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb. O, kollektivin, biznes tərəfdaşlarının və səhmdarların etimadını bərpa etmək üçün araşdırma ilə tam əməkdaşlıq edəcəyini bildirib.
Bununla yanaşı, Nvidia-nın direktorlar şurası Huangın xarici kəşfiyyat orqanlarının hədəfinə çevrilə biləcəyi ilə bağlı məlumatları araşdırmaq üçün müstəqil direktorlar və kənar hüquqşünaslardan ibarət xüsusi komitə yaradıb. Araşdırmaya səbəb milyarderin Megaspeed adlı Sinqapur şirkətində rəhbər vəzifə tutmuş Elis Huang (Huan Le kimi də tanınır) ilə gizli romantik münasibəti barədə yayılan məlumatlar olub. Eyni soyadı daşısalar da, onların qohum olmadığı bildirilir. Megaspeed Nvidia-nın böyük müştərilərindən biridir.
ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, həmin qadının Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən əməkdaşlığa cəlb edildiyi iddia olunur. Onun vəzifələri arasında qabaqcıl süni intellekt çipləri barədə məxfi məlumatlar toplamaq və Nvidia rəhbərliyinə təsir göstərərək Çinə sürətləndiricilərin ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasına nail olmaq da olub.
Vəziyyəti daha da mürəkkəbləşdirən məqam Megaspeed-in əvvəllər də ABŞ sanksiyalarından yayınmaq şübhələri ilə tənzimləyici orqanların diqqətini çəkməsidir. Şirkətlə əlaqəli Malayziya şirkəti Speedmatrix təxminən 4,8 milyard dollar dəyərində Nvidia avadanlığı alıb. Həmin avadanlığın Çinə yönləndirilə və ya məhdudiyyətlərdən yayınmaq üçün Çin şirkətlərinə uzaqdan istifadə imkanı yaratmaq məqsədilə tətbiq oluna biləcəyi ehtimal edilir.
Huangın rəsmi etirafından əvvəl Nvidia onun Megaspeed rəhbəri ilə əlaqələrinin yalnız işgüzar xarakter daşıdığını bildirir, həssas texnologiyaların sızması ehtimalını isə qəti şəkildə rədd edirdi. Rəsmi Pekin də casusluq ittihamlarını əsassız adlandırıb.
Hazırda Nvidia-nın direktorlar şurası şirkətin kommersiya sirlərinin və ya ABŞ-ın milli təhlükəsizliyinin təhlükə altına düşdüyünü təsdiqləyən birbaşa sübutların olmadığını bildirir. Bununla belə, mövcud məlumatların hamısının hərtərəfli yoxlanılacağını vurğulayır. Şirkətin nümayəndəsi Con Rizzo direktorlar şurasının təsisçiyə etimadını qoruduğunu və Huangın Nvidia-ya əvvəlki qaydada rəhbərlik etməyə davam edəcəyini bildirib.
Bununla belə, qalmaqal artıq dövlət səviyyəsinə yüksəlib. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Kəşfiyyat və Çin məsələləri üzrə komitələrinin rəhbərləri Censen Huangdan qapalı brifinq keçirməsini tələb ediblər. Qanunvericilər cavab üçün noyabrın 11-dək vaxt veriblər. Görüşün 2026-cı il noyabrın 18-də keçirilməsi və xarici casusluq risklərinin qiymətləndirilməsi planlaşdırılır.
Baş verənlər Nvidia-nın biznes imperiyasına ciddi təzyiq yaradır. Şirkətin bazar dəyəri onsuz da investorların süni intellekt bumunun nə qədər davam edəcəyi ilə bağlı artan şübhələri səbəbindən təzyiq altındadır. Daxili araşdırma barədə xəbərlərdən sonra Nvidia səhmləri bazar ertəsi keçirilən hərracların yekununda 4%-dən çox ucuzlaşıb.
Sahə analitikləri hesab edirlər ki, araşdırmanın uzun müddət davam etməsi Huangın özünün yaratdığı şirkətin rəhbəri kimi mövqeyini zəiflədə bilər.
Qalmaqalla bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O, hadisəni artıq Federal Təhqiqatlar Bürosunun (FBI) araşdırdığını təsdiqləyib. Bununla yanaşı, Huangı layiqli insan hesab etdiyini bildirib və məsələnin yaxşı nəticələnəcəyinə ümid etdiyini vurğulayıb.











