AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Portuqaliyada keçirilən “Web Summit 2026”da iştirak edib.
“AzInTelecom” sammitdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yaradılmış Azərbaycan pavilyonunda stendlə təmsil olunub. Stenddə ziyarətçilərə SİMA Rəqəmsal Həllər Platforması barədə ətraflı məlumat verilib, xarici qurumların nümayəndələri, investorlar və ekspertlərlə təcrübə mübadiləsi aparılıb. SİMA Platformasının məhsulları ilə bağlı potensial tərəfdaşlıq imkanları və birgə layihələrin icrası müzakirə olunub.
“AzInTelecom”un sammitdə iştirakının əsas məqsədi ölkəmizin rəqəmsal və texnoloji potensialını beynəlxalq arenada nümayiş etdirmək, innovativ məhsulların xarici bazarlara ixrac imkanlarını araşdırmaq və qlobal tərəfdaşlıqlar qurmaq olub. Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirməklə Azərbaycanın regional rəqəmsal mərkəz kimi mövqeyini gücləndirməyə töhfə verməyi hədəfləyir.



Qeyd edək ki, “Web Summit” hər il Lissabon şəhərində təşkil olunan və dünyanın müxtəlif ölkələrindən onminlərlə iştirakçını, aparıcı texnologiya şirkətlərini, startapları, investorları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən qlobal platformadır.










