Google DeepMind interaktiv virtual dünyalar yaratmaq üçün nəzərdə tutulan Genie modelinin yeni versiyasını təqdim edib. Genie 4 istifadəçilərə simulyasiya zamanı baş verənləri mətn əmrləri ilə dəyişməyə imkan verir. Yeni versiyada fizika, personajların hərəkətləri və səs imkanları da təkmilləşdirilib.
Genie 4 vasitəsilə yaradılmış mühiti real vaxtda araşdırmaq və onun gedişatına müdaxilə etmək olar. İstifadəçi adi mətn əmrləri ilə havanı dəyişə, kameranın mövqeyini yeniləyə, yeni personaj və ya obyekt əlavə edə bilər. Sistem dəyişiklikləri mövcud səhnənin xüsusiyyətlərini nəzərə alaraq həyata keçirir. Bunun sayəsində əlavə edilən elementlər ətraf mühitə uyğunlaşdırılır.
Google simulyasiyanın fiziki proseslərini də təkmilləşdirib. Genie 4 toqquşmaları, aerodinamik hadisələri və digər fizika qanunlarını daha dəqiq modelləşdirir. Personajlar isə ətraf mühitə daha təbii reaksiya verir, hərəkətlərini dəyişə və səhnədə baş verənlərə uyğun davrana bilirlər.
Genie 4-ün əsas yeniliklərindən biri səsin virtual dünya ilə birlikdə yaradılmasıdır. Model küləyin, suyun və digər ətraf mühit elementlərinin səslərini generasiya edə bilir. Personajlar da istifadəçinin əmrlərinə və səhnədə baş verən hadisələrə real vaxtda cavab verərək danışa bilirlər. Beləliklə, Genie 4 seriyada yerli, yəni modelin özündə nəzərdə tutulan audio generasiyasını dəstəkləyən ilk versiyadır.
Google DeepMind əvvəlki nəsil Genie 3-ü 2025-ci ilin avqustunda təqdim etmişdi. Həmin model mətn təsvirləri əsasında 720p keyfiyyətində interaktiv dünyalar yaradır və istifadəçilərə onları bir neçə dəqiqə ərzində araşdırmağa imkan verirdi. Genie 4 isə bu imkanları daha ardıcıl səhnələr, təkmilləşdirilmiş fizika və real vaxtda qarşılıqlı əlaqə ilə genişləndirir.
Hazırda yeni model eksperimental mərhələdədir və yalnız məhdud sayda etibarlı test iştirakçısına tədqiqat önizləməsi çərçivəsində təqdim olunur. Növbəti mərhələdə Google AI Ultra abunəçiləri Project Genie vasitəsilə giriş əldə edəcəklər. Tərəfdaşlar üçün isə Gemini API və Google AI Studio üzərindən erkən giriş nəzərdə tutulur.









