Fujifilm yeni Instax Mini Evo 2 kompakt kamerasını təqdim edib. Model rəqəmsal fotoçəkilişi ani çap imkanı ilə birləşdirir. İstifadəçilər şəkilləri böyük sensorlu ekranda nəzərdən keçirə, redaktə edə və bəyəndikləri fotoları dərhal kağıza köçürə bilərlər.
Instax Mini Evo 2 1,23 milyon nöqtə təsvir dəqiqliyinə malik 4,5 düymlük ekranla təchiz olunub. Ekran vasitəsilə çəkilmiş fotolara baxmaq, onları kəsmək və 20 filtrdən birini tətbiq etmək mümkündür.
Kamera 16 MP CMOS sensor və f/2.0 diafraqmalı genişbucaqlı obyektivlə təchiz edilib. Obyektivin fokus məsafəsi 21 mm-dir. Çəkiliş zamanı ekspozisiya müddəti və işığahəssaslıq avtomatik tənzimlənir, lakin istifadəçi ekspozisiyanı özü də dəyişə bilər. Fotolar 4128 × 3100 piksel, videolar isə 992 × 560 piksel ölçüsündə qeydə alınır. Çəkilmiş şəkilləri kəsdikdən sonra Fujifilm Instax Mini foto kağızında çap etmək mümkündür. Kağızın ölçüsü 8,6 × 5,4 sm, fotonun çap olunan hissəsi isə 6,2 × 4,6 sm-dir.
Yeni model yalnız öz kamerası ilə çəkilən fotoları çap etməklə məhdudlaşmır. Xüsusi tətbiq vasitəsilə smartfondakı şəkilləri də Instax Mini Evo 2-yə göndərərək kağıza köçürmək mümkündür. Fotoları saxlamaq üçün cihazda 45 şəkillik daxili yaddaş və microSD kart yuvası nəzərdə tutulub.
Fujifilm Instax Mini Evo 2-nin ABŞ bazarında satışına 2026-cı ilin noyabr ayının sonunda başlanacaq. Kameranın qiyməti 289 dollar təşkil edəcək.











