Oyun dünyasının ən məşhur studiyalarından biri olan BioWare fəaliyyətini dayandırır. Electronic Arts-ın bu qərarı təkcə əfsanəvi studiyanın tarixinə son qoymur, həm də yeni Mass Effect oyununun taleyini sual altında saxlayır. Bloomberg jurnalisti Ceyson Şrayerin məlumatına görə, studiyanın Edmontondakı ofisində çalışan son 50 əməkdaş da işdən çıxarılıb. Electronic Arts (EA) şirkəti genişmiqyaslı yenidənqurma çərçivəsində BioWare studiyasını bağlamaq qərarına gəlib. Bununla yanaşı, Mass Effect seriyasının növbəti hissəsinin hazırlanması da dayandırılıb.
https://t.co/TicSujMWps
— BioWare (@bioware) October 21, 2026
BioWare-in əməkdaşları vida müraciətində oyunçulara 30 il ərzində göstərdikləri dəstəyə və sədaqətə görə təşəkkür ediblər. Onların sözlərinə görə, studiyanın yaratdığı dünyaları unudulmaz edən təkcə oyunların özləri deyil, həm də oyunçuların personajlara bağlılığı, süjet seçimləri ətrafında apardıqları müzakirələr və hekayələrə səmimi maraqları olub.
1995-ci ildə əsası qoyulan BioWare videooyun sənayesində rol oyunları janrının inkişafına böyük təsir göstərib. Studiyanın yaratdığı layihələr arasında Baldur’s Gate, Neverwinter Nights, Star Wars: Knights of the Old Republic, Dragon Age və Mass Effect kimi məşhur seriyalar var. Bu oyunlar təkcə geniş dünyaları və döyüş mexanikaları ilə deyil, həm də mürəkkəb süjetləri, yadda qalan personajları və oyunçunun qərarlarından asılı olaraq dəyişən hadisələri ilə seçilirdi. Xüsusilə Mass Effect seriyası elmi-fantastika janrını rol oyunları ilə birləşdirərək milyonlarla oyunçunun rəğbətini qazanmışdı. Buna görə də studiyanın bağlanması oyun ictimaiyyəti üçün ciddi itki hesab olunur. Yeni Mass Effect oyununun hazırlanmasının dayandırılması isə seriyanın gələcəyi ilə bağlı gözləntilərə böyük zərbə vurub.
BioWare-in bağlanması Electronic Arts daxilində aparılan daha geniş ixtisarların bir hissəsidir. Məlumata görə, şirkət üzrə ümumilikdə təxminən 400 əməkdaş işini itirib. EA Studios rəhbəri Kəm Uebber və əməliyyat direktoru Devid Tinsonun daxili məktubunda ixtisarların skate. oyununun hazırlanmasında iştirak edən komandaya da təsir etdiyi bildirilib. Rəhbərlik bu dəyişiklikləri layihənin inkişaf planına və müəyyən edilmiş yol xəritəsinə daha dəqiq uyğunlaşmaq zərurəti ilə izah edib.
Bununla belə, EA iri büdcəli ekşn oyunlarından imtina etmək niyyətində olmadığını vurğulayıb. Şirkətin açıqlamasına əsasən, DICE və Respawn Entertainment studiyaları artıq qüvvələrini birləşdirərək böyükmiqyaslı ortaq layihə üzərində işləyirlər. Layihənin detalları hələ açıqlanmayıb.









