OpenAI, ChatGPT-ni iş görüşlərində daha faydalı köməkçiyə çevirən yeni Meetings əlavəsini təqdim edib. Bu funksiya süni intellektə görüşü dinləməyə, söhbəti mətnə çevirməyə, vacib məqamları qeyd etməyə və müzakirənin sonunda görüləcək işləri müəyyənləşdirməyə imkan verir. Üstəlik, görüşə ayrıca bot və ya virtual iştirakçı əlavə etmək tələb olunmur.
Görüş başa çatdıqdan sonra ChatGPT söhbətin stenoqramını, istifadəçinin yazdığı qeydləri və qoşulmuş xidmətlərdən əldə edilən mövcud məlumatları birlikdə analiz edir. Daha sonra görüşün əsas məqamlarını və növbəti addımları özündə əks etdirən yekun xülasə hazırlayır. İstifadəçi hazırlanmış nəticəni redaktə edə və görüşlə bağlı ChatGPT-yə əlavə suallar verə bilər. Məsələn, müəyyən tapşırığı kimin yerinə yetirməyə razılaşdığını soruşmaq mümkündür. Bundan sonra ChatGPT həmin kontekstdən istifadə edərək cavab məktubu hazırlaya və ya layihə planını yeniləyə bilər.
Meetings funksiyası Google Calendar və Outlook ilə də işləyir. Maraqlıdır ki, görüş təqvimdə əvvəlcədən qeyd olunmasa belə, ChatGPT aktiv zəngi müəyyən edə bilir.
Hazırda yeni funksiya macOS üçün ChatGPT tətbiqində beta versiyada təqdim olunur. O, Pro və Business tariflərindəki istifadəçilər, həmçinin bəzi korporativ müştərilər üçün əlçatandır. Windows, iOS və Android versiyalarında isə Meetings funksiyasının daha sonra istifadəyə verilməsi planlaşdırılır.










