Apple jurnalistlərə və bloqerlərə qarşıdan gələn böyük təqdimatına dəvətlər göndərib. «Surprise and shine» («Təəccüblən və parla») şüarı altında keçiriləcək tədbir sentyabrın 9-da baş tutacaq. Təqdimatın əsas qəhrəmanlarının yeni iPhone modelləri olacağı gözlənilir.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu, Apple üçün həm də yeni dövrün ilk böyük təqdimatı olacaq: sentyabrın 1-dən etibarən şirkətin rəhbəri vəzifəsini Tim Kuku 15 illik CEO dövründən sonra əvəz edən Con Ternus icra edəcək.
Təqdimatın ən böyük yeniliyinin Apple-ın ilk qatlanan iPhone-u olacağı gözlənilir. Onunla birlikdə iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin də təqdim ediləcəyi bildirilir. Adi iPhone 18 modelinin isə bu il nümayiş olunmayacağı və daha sonra satışa çıxarılacağı barədə məlumatlar var.
Smartfonlardan əlavə, Apple-ın yeni Apple Watch modellərini və digər cihazları da nümayiş etdirməsi mümkündür. Beləliklə, 9 sentyabr təqdimatı həm yeni iPhone nəsli, həm də Apple-ın ilk qatlanan smartfonunun debütü baxımından ilin ən çox gözlənilən texnoloji tədbirlərindən birinə çevrilə bilər.











