Tesla flaqman elektromobilləri olan Tesla Model S və Tesla Model X üçün xüsusi “vida” seriyasını elan edib. Şirkət hər iki modelin Plaid versiyasında məhdud sayda Signature buraxılışı hazırlayır.
Ümumilikdə cəmi 350 avtomobil istehsal olunacaq və onları əldə etmək hər kəs üçün mümkün olmayacaq — satış yalnız fərdi dəvətlə həyata keçiriləcək.
Planlara əsasən, 250 ədəd Model S və 100 ədəd Model X (yalnız altıyerlik versiyada) buraxılacaq. Bu seriyanın əsas fərqi eksklüziv Garnet Red kuzov rəngi və qızılı detallardır — loqolar, nişanlar və dekor elementləri bu üslubda hazırlanıb.
Salon da xüsusi dizaynla seçilir. Ağ interyer alkantara əlavələri, qızılı elementlər və hər avtomobil üçün fərdi nömrələnmə ilə tamamlanıb. Bundan əlavə, xüsusi işıq effektləri və seriya modellərdə olmayan unikal dekor detalları təqdim olunur.
Texniki hissədə də fərqlər var: Model S karbon-keramika əyləclərlə və qızılı supportlarla təchiz edilib, Model X isə standart əyləclərlə gəlir. Hər iki model sükan-şturval, iri ölçülü təkərlər və maksimum komplektasiya paketi ilə təklif olunur.
Qiymət gözlənildiyi kimi yüksəkdir — 159 420 dollardan başlayır, bu da adi versiyalarla müqayisədə təxminən 30 min dollar daha bahadır.
Bu xüsusi seriyanın buraxılışı təsadüfi deyil. Daha əvvəl İlon Mask təsdiqləmişdi ki, Model S və Model X istehsaldan çıxarılır. Fremont zavodundakı istehsal xətti isə yeni layihələrə, o cümlədən Tesla Optimus robotlarının istehsalına uyğunlaşdırılacaq.
Eyni zamanda şirkətin daha əlçatan qiymətə yeni elektromobil üzərində işlədiyi barədə də şayiələr yayılıb.






