İlon Mask süni intellekt startapı xAI daxilində növbəti ciddi dəyişikliklərə start verib. Financial Times nəşrinin məlumatına görə, Mask şirkətin proqramlaşdırma üçün AI alətləri sahəsində rəqiblərindən geri qalmasından narazı qalıb və bunun fonunda yeni işdən çıxarmalar həyata keçirilib.
Məlumata əsasən, şirkətin daha iki həmtəsisçisi vəzifəsindən uzaqlaşdırılıb. Onlardan biri aparıcı texniki mütəxəssis Zıhan Day, digəri isə Grok çat-botunun modellərinin ilkin təliminə cavabdeh olan Quodun Çjan olub. Çjan bildirib ki, cümə axşamı günü xAI-də son iş gününü keçirib. Mənbələrin sözlərinə görə, o, məhz kodlaşdırma istiqamətindəki uğursuzluğa görə birbaşa Mask tərəfindən vəzifəsindən kənarlaşdırılıb.
Bu hadisələrdən sonra 2023-cü ilin martında San-Fransiskoda yaradılan xAI şirkətinin 11 həmtəsisçisindən yalnız ikisi komandada qalır.
Problemlərin əsas səbəblərindən biri kimi təlim məlumatlarının aşağı keyfiyyəti göstərilir. Məhz buna görə xAI proqramlaşdırma üçün AI alətləri sahəsində rəqiblərindən geri qalıb. Bu bazarda əsas rəqiblər arasında Claude Code (Anthropic) və OpenAI Codex (OpenAI) kimi məhsullar göstərilir.
Vəziyyəti dəyişmək üçün Mask şirkətə digər bizneslərindən menecerlər cəlb edib. SpaceX və Tesla rəhbər heyətindən bəzi şəxslər artıq xAI-də audit aparır və əməkdaşların fəaliyyətini qiymətləndirirlər. Bildirilir ki, bu proses nəticəsində bəzi əməkdaşlar artıq işdən çıxarılıb.
Mask sosial şəbəkə X üzərindən vəziyyətə münasibət bildirərək yazıb ki, “xAI əvvəlcə düzgün qurulmamışdı və indi faktiki olaraq sıfırdan yenidən formalaşdırılır”. O, bu prosesi Tesla şirkətinin ilk illərində yaşadığı çətinliklərlə müqayisə edib.





