Google illik tərtibatçılar konfransı Google I/O 2026-nın keçiriləcəyi tarixi rəsmi şəkildə açıqlayıb. Şirkət tədbirin harada baş tutacağını və iştirakçıları hansı əsas yeniliklərin gözlədiyini də bölüşüb.
Konfrans mayın 19-20 tarixlərində ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərində keçiriləcək. Açılış təqdimatı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və ənənəvi olaraq şirkətin əsas yenilikləri məhz bu çıxış zamanı təqdim olunacaq.
Rəsmi məlumata görə, tədbirin əsas diqqət mərkəzində süni intellekt texnologiyaları olacaq. Ziyarətçilər Google-un ən son nailiyyətləri, o cümlədən Gemini platformasının inkişafı və Android əməliyyat sisteminin yeni imkanları ilə tanış ola biləcəklər. Gözləntilərə görə, bu il şirkət mobil sistemdə AI funksiyalarına və neyron şəbəkə əsaslı həllərə xüsusi vurğu edəcək.
Bundan əlavə, proqram çərçivəsində qeyri-rəsmi müzakirələr, yeni məhsulların canlı nümayişi və tərtibatçılar üçün xüsusi sessiyalar planlaşdırılır. Tədbirin onlayn yayımı io.google saytında əlçatan olacaq.
Hələlik konkret elanların siyahısı açıqlanmayıb, lakin Google istifadəçilərə gözləmə müddətini maraqlı onlayn tapmacalar seriyası ilə keçirməyi təklif edib.





