ABŞ-da hibrid Bentley Bentayga modelləri ilə bağlı geri çağırma kampaniyasına start verilib. Buna səbəb Milli Yol Təhlükəsizliyi Administrasiyasının (NHTSA) xəbərdarlığı olub. Qurumun məlumatına görə, avtomobillərdə istifadə olunan yüksək gərginlikli batareyalar həddindən artıq qızaraq, nadir hallarda yanğına səbəb ola bilər.
Araşdırmalar göstərib ki, problem Samsung SDI istehsalı olan 18 kVt·saatlıq akkumulyator elementləri ilə əlaqəlidir. Təchizatçı mümkün istehsal qüsurunu aşkar edib: bu qüsur batareyaların şarj doldurulması zamanı normadan artıq isinməsinə gətirib çıxara bilər. Bentley bildirir ki, indiyədək yanğın və ya xəsarət halları qeydə alınmayıb, lakin risk real hesab olunduğundan geri çağırma prosesi artıq başladılıb.
Rəsmi sənədlərə əsasən, qızmanın səbəbi batareya elementlərinin daxilində xarici hissəciklərlə çirklənmə və ya separatorun zədələnməsi ola bilər. Bu isə qısaqapanmaya və nəticədə istilik zəncir reaksiyasına (thermal runaway) yol aça bilər. Geri çağırma 13–28 sentyabr 2023-cü il tarixləri arasında istehsal olunmuş 130 ədəd Bentayga Hybrid avtomobilini əhatə edir.
Problemlərin vaxtında aşkar edilməsi üçün Bentley avtomobillərə yenilənmiş proqram təminatı quraşdıracaq. Bu proqram potensial nasaz batareya modullarını müəyyən etməyə imkan verəcək. Şirkətin hesablamalarına görə, batareyanın dəyişdirilməsi avtomobillərin 1%-dən də azında tələb oluna bilər.





