Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, hakimiyyət orqanları hazırda İlon Maskın X platformasının ölkə ərazisində qadağan olunması ehtimalını nəzərdən keçirməlidir. Səbəb isə Grok süni intellekt alətinin insanların razılığı olmadan seksual xarakterli görüntülər yaratmaq imkanlarıdır.
Starmerin bu açıqlaması dünya üzrə tənzimləyici qurumların X platformasına artan diqqəti fonunda səslənib. Söhbət Grok-un şəkil redaktə funksiyasından gedir: alət istifadəçilərə real insanlardan, o cümlədən yetkinlik yaşına çatmayanlardan ibarət seksualizə olunmuş rəqəmsal görüntülər yaratmağa imkan verib.
“Bu, utancvericidir, iyrəncdir və yolverilməzdir. X buna nəzarət etməlidir. Bu qanunsuzdur. Biz buna dözməyəcəyik. Bütün variantların nəzərdən keçirilməsini istəmişəm», — Starmer Britaniya radiosuna müsahibəsində deyib.
Cümə günü Starmerin ofisindən bir mənbə CBS News-a təsdiqləyib ki, X platformasının Böyük Britaniyada tənzimlənməsi məsələsində heç nə istisna edilmir.
CBS News-un məlumatına görə, Grok istifadəçilərin sorğularını yerinə yetirərək qadınların görüntülərini bikini və ya açıq geyimdə təqdim edib. Bu cür manipulyasiyalar ABŞ-ın birinci xanımı Melaniya Tramp kimi tanınmış ictimai fiqurlara da aid olub.
Qeyd edək ki, daha əvvəl İlon Maskın xAI startapı X platformasında Grok-un şəkil generasiyası funksiyasına müəyyən məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. Buna səbəb, süni intellekt vasitəsilə yaradılan seksual məzmunun kütləvi tənqid dalğası doğurması olub.





