Xiaomi şirkəti tədqiqat və inkişaf (R&D) sahəsinə yatırımlarını kəskin şəkildə artırmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə 17 dekabr tarixində keçirilən Human Car Home Ecosystem Partner Conference tədbirində şirkətin hazırkı prezidenti Lu Veybin məlumat verib.
Mövcud məlumatlara əsasən, 2025-ci ildə Xiaomi-nin tədqiqat və inkişaf xərcləri 4,5–4,7 milyard dollar təşkil edib. 2026-cı ildə isə bu məbləğin təxminən 5,7 milyard dollara çatacağı gözlənilir. Ümumilikdə şirkət növbəti 5 il ərzində R&D sahəsinə 28,4 milyard dollar investisiya qoymağı planlaşdırır.
Müqayisə üçün qeyd edək ki, 2021–2025-ci illər arasında bu məqsədlə 14,9 milyard dollar xərclənmişdi. Bu isə o deməkdir ki, növbəti beşillik dövrdə investisiyalar iki dəfə artacaq. Artan maliyyələşmə artıq konkret nəticələr verməyə başlayıb. Belə ki, Xiaomi smartfonlar, ağıllı ev sistemləri və avtomobillər üçün nəzərdə tutulmuş öz süni intellekt modeli — MiMo-nu təqdim edib.
Bununla yanaşı, şirkət öz çiplərinin hazırlanması istiqamətini də aktiv şəkildə inkişaf etdirir. Xring layihəsinə indiyədək 1,9 milyard dollardan çox vəsait yatırılıb, prosessorların hazırlanması üzərində isə 2500-dən artıq mühəndis çalışır. 2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, investisiya sektorunda çalışan əməkdaşların sayı 24 871 nəfərə çatıb ki, bu da Xiaomi tarixində rekord göstəricidir.





