Tesla nəhayət ki, Robotaxi layihəsində mühüm mərhələyə adlayıb. ABŞ-da salonda təhlükəsizlik sürücüsü olmadan hərəkət edən Tesla robotaksisi görüntülənib. Bu isə şirkətin pilotsuz avtomobilləri tam müstəqil rejimdə test etməyə başladığını göstərir.
Avtomobil Austin şəhərində qeydə alınıb. Bir qədər sonra İlon Mask da bu məlumatı təsdiqləyərək Tesla robotaksilərinin real yol şəraitində tam formatda sınaqlarının başladığını bildirib.
Maraqlıdır ki, görüntülənən avtomobil xüsusi olaraq taksi xidməti üçün hazırlanmış yeni model deyil, adi Tesla Model Y olub. Bu da göstərir ki, şirkət mövcud modelləri də robotaksi kimi istifadəyə yaxınlaşdırır.
Bu addım Tesla üçün kifayət qədər ciddi mərhələ sayılır. Şirkət uzun illərdir ki, FSD (Full Self-Driving) sistemini fəal şəkildə reklam edir və artıq onu milyonlarla sürücüyə satıb. Lakin Tesla hələlik bu sahədə rəqiblərini tam geridə qoymuş sayılmır. Məsələn, Alphabet-ə məxsus Waymo robotaksi xidmətini kommersiya səviyyəsində illər əvvəl işə salıb və mövcud statistikaya görə, Waymo sistemləri daha təhlükəsiz hesab olunur.
Bəzi mütəxəssislər bunu Tesla avtomobillərində lidar sensorlarının olmaması ilə əlaqələndirirlər. Buna baxmayaraq, Tesla-nın pilotsuz testlərə sürücüsüz keçməsi bazarda balansı dəyişə biləcək mühüm addım kimi qiymətləndirilir.





