SpaceX və Tesla-nın rəhbəri, X-in sahibi və texnologiya dünyasının ən nüfuzlu fiqurlarından biri olan milyarder İlon Mask süni intellektin inkişafı ilə bağlı yeni xəbərdarlıq edib. O, hindistanlı sahibkar Nikhil Kamathın podkastında gələcəyin İİ ilə avtomatik olaraq təhlükəsiz olmayacağını bildirib və bu sahənin hansı prinsiplər üzərində qurulmalı olduğunu açıqlayıb.
Maskın sözlərinə görə, güclü texnologiyalar yanlış istiqamətdə inkişaf etdikdə dağıdıcı gücə çevrilə bilər. O xatırladıb ki, bir zamanlar OpenAI-nin həmtəsisçisi olsa da, sonradan təşkilatın ilkin məqsədindən — təhlükəsiz və şəffaf İİ inkişaf etdirməkdən uzaqlaşdığı üçün ayrılıb.
Milyarder hesab edir ki, süni intellektin ən təhlükəsiz formasını yaratmaq üçün üç əsas keyfiyyət mütləq olmalıdır:
1. Həqiqət.
İİ yalan məlumatları ayırd etməyi və dəqiq faktlara əsaslanmağı bacarmalıdır. Mask deyir ki, modelə saxta və yanlış məlumatlar «yedizdirmək» onu sözün əsl mənasında «dəli edə» bilər.
2. Gözəlliyə meyl.
Onun fikrincə, İİ harmoniyanı — istər incəsənətdə, istər elmdə, istərsə də insanlar arasındakı münasibətlərdə — dəyərləndirməyi bacarmalıdır.
3. Maraq və bilik həvəsi.
Dünyanı anlamağa çalışan, öyrənməyə meyilli bir İİ daha sabit, daha insani və daha etibarlı olur. Bu isə idarəedilməz davranış risklərini azaldır.
Mask ümid etdiyini bildirib ki, gələcəyin süni intellekt sistemləri insanlara qarşı deyil, insanlığın qorunmasına maraq göstərəcək. Onun fikrincə, əgər İİ həqiqətə, gözəlliyə və öyrənməyə can atsa, bəşəriyyət təhlükəli deyil, faydalı texnologiya əldə edəcək.





