EV Clinic servis mərkəzi Tesla Model 3 və Model Y elektromobillərində ciddi batareya problemləri aşkarlandığını açıqlayıb. Söhbət Çində istehsal olunan LG batareya elementləri ilə təchiz edilən versiyalardan gedir. Mütəxəssislərin sözlərinə görə, bu batareyalar qısa ömürlüdür və nasazlıq riski olduqca yüksəkdir.
Risk altında olan əsas batareyalar LG NCM811 modelləridir. Tesla bu elementləri Avropa və Asiyanın bir hissəsi üçün nəzərdə tutulan Long Range və Performance versiyalarında istifadə edir. EV Clinic onları ABŞ istehsalı Panasonic batareyaları ilə müqayisə edib və keyfiyyətdə açıq fərq olduğunu bildirib.
Müşahidələrə əsasən, Panasonic batareyaları orta hesabla 402 000 km məsafəyə qədər problemsiz işləyə bilir. LG elementlərində isə ciddi degradasiya artıq 241 000 km ətrafında başlayır. Üstəlik, halların 90 faizindən çoxunda təmir mümkün olmur — modullar demək olar ki, tam sıradan çıxır.
Ekspertlər qeyd edir ki, yeni LG hüceyrələrinin daxili müqaviməti təxminən 28 milliohm (mΩ) təşkil edir ki, bu da Panasonic batareyalarının sıradan çıxdığı anla eyni göstəricidir. Bəzi modullarda 46 hüceyrədən 15-nə qədərinin müqaviməti 100 milliohmdan yuxarı, digərlərində isə 50 milliohmdan çox olub. Bu isə ayrı-ayrı modulların dəyişdirilməsini mənasız edir.
Qeyd edək ki, «milliohm» elektrik müqavimətinin ölçü vahidin mində bir hissəsidir və batareyalarda daxili müqavimətin ölçülməsində istifadə olunur. Daxili müqavimətin aşağı olması enerji itkisini və qızmanı azaldır, batareyanın daha stabil və uzunömürlü işləməsini təmin edir. Yüksək göstərici isə akkumulyatorun köhnəldiyini və tez sıradan çıxa biləcəyini göstərir.
Daimi uğursuz təmir cəhdlərinə görə EV Clinic artıq “təmirə yararlılıq qiymətləndirmə haqqı” tətbiq edib. Servisin məlumatına görə, bu tip batareyalarla bağlı itkilər ayda 20 000 ABŞ dollarından artıqdır.
LG NCM811 batareyası sıradan çıxan Tesla sahiblərinə iki yol tövsiyə olunur: ya istifadə olunmuş Panasonic batareyasına keçid, ya da Tesla-ya müraciət edərək tam batareya dəyişimi tələb etmək.





