Apple uzun illərdən sonra Touch ID texnologiyasını geri qaytarmağa hazırlaşır. Şirkətin qatlanan iPhone üzərində işlədiyi və artıq mühəndis prototiplərini test etdiyi bildirilir. Bu barədə etibarlı insayder kimi tanınan Digital Chat Station məlumat yayıb.
Məlumata görə, Apple bu modeldə Face ID-dən imtina edərək barmaq izi skanerini yan düyməyə yerləşdirib. Səbəb texniki məhdudiyyətlərdir: üçölçülü üz tanıma sistemi çox yer tələb edir və bu, mümkün qədər nazik qatlanan korpus yaratmaq planına ziddir. Elə bu səbəbdən şirkət ekranaltı 3D barmaq izi texnologiyasını da tətbiq etməyib.
Hazırkı prototip 7,58 düymlük daxili qatlanan displeylə təchiz olunub. Ön kamera birbaşa ekranın altına yerləşdirilib. Korpusun Xarici hissəsində isə 5,25 düymlük əlavə ekran var və burada kamera üçün klassik çıxıntı (notch) istifadə olunub. Əsas kamera bloku iki ədəd 48 MP sensordan ibarətdir.
İnsayder xüsusi olaraq menteşə mexanizminin keyfiyyətini vurğulayıb — konstruksiya möhkəm və etibarlı hesab olunur. Geniş formatlı dizayn sayəsində cihaz açıldıqda kompakt planşetə çevrilir.
Qatlanan iPhone-un bazara çıxışı 2026-cı il üçün gözlənilir. Maraqlıdır ki, eyni zamanda Samsung da oxşar genişformatlı qatlanan smartfon üzərində düşünür. Lakin bu seqmentdə ilk addımı Çin istehsalçıları ata bilər.





