İlon Mask WhatsApp və Telegram-a ciddi rəqib hazırlayır — o, yeni messencer X Chat üzərində işlədiyini açıqlayıb. Tesla və SpaceX rəhbərinin sözlərinə görə, bu tətbiqdə heç bir reklam olmayacaq, bütün yazışmalar isə Bitcoin səviyyəsində şifrələnmə ilə qorunacaq.
Mask bildirib ki, komanda X platformasının mesajlaşma sistemini sıfırdan yenidən qurub və indi bu texnologiya yeni tətbiqin əsasını təşkil edəcək. X Chat peer-to-peer (birbaşa istifadəçilər arasında) arxitekturası ilə işləyəcək və məlumatlar kripto əməliyyatlarında olduğu kimi qorunacaq. O, vurğulayıb ki, tətbiq istifadəçi məlumatlarını toplamır, onları reklam və ya təhlil məqsədilə istifadə etmir. “Sizin şəxsi yazışmalarınız yalnız sizə və danışdığınız şəxsə məxsus olacaq — heç bir şirkət və ya alqoritm araya girməyəcək”, — deyə Mask bildirib.
Yeni messencer həm X platformasının bir hissəsi, həm də ayrı mobil tətbiq kimi çıxacaq. İstifadəçilərə adi funksiyalar — mətn yazışmaları, fayl göndərilməsi, səsli və videozənglər təqdim olunacaq. Mask qeyd edib ki, kriptolama sistemi həm böyük faylların ötürülməsi, həm də zənglər zamanı maksimum məxfilik təmin edəcək.
Eyni zamanda milyarder WhatsApp-ı tənqid edib, bildirərək ki, bu tətbiqin arxitekturası reklam məqsədilə mesajların “oxunmasına” imkan verir: “Əgər bunu reklam alqoritmləri edə bilirsə, deməli, bunu hakerlər də edə bilər.”
Maskın sözlərinə görə, X Chat yaxın aylarda istifadəyə veriləcək və onun məqsədi — tam şəxsi, təhlükəsiz və reklamsız ünsiyyət məkanı yaratmaqdır.






