Adətən Apple yeni məhsulları haqqında təqdimat gününə qədər heçnə açıqlamır, lakin yenə də onlar barədə məlumatlar mütəmadi olaraq mediaya sızır. Bəzən bu məlumatların mənbəyi insayderlər olsa da, bəzən də iri texnologiya şirkətləri olur — məsələn, yaxınlarda Samsung-un yüksək vəzifəli nümayəndəsi buna eyham vurub.
Jurnalistlərlə görüş zamanı Samsung Display şirkətinin prezidenti Li Çonq bildirib ki, şirkət artıq Şimali Amerika müştərisi üçün qatlana bilən OLED panellər istehsal edir. Ekspertlərin fikrincə, söhbət böyük ehtimalla Apple-dan gedir və bu da o deməkdir ki, ilk qatlana bilən iPhone artıq gələn il təqdim oluna bilər.
Profil nəşrlərin məlumatına görə, Apple indiyədək qatlana bilən cihaz bazarına tələsmirdi, çünki şirkət ekranda görünməyən “bükülmə izi” olan ideal prototip üzərində uzun müddət işləyirdi. Lakin son məlumatlara əsasən, Apple bu iddialı hədəfdən imtina edib və daha real texniki xüsusiyyətlərə malik cihaz hazırlamağa qərar verib. Bu səbəbdən, artıq qatlana bilən iPhone-un satışa çıxmasına maneə qalmayıb.